Rusiya Federasiyasının ölkəmizdəki səfirinə nota təqdim edilib
1 avqust 2021-ci il tarixində Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Bu barədə AYNA-ya XİN-in Mətbuar Xidməti İdarəsindən bildirilib.
Görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.
“Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”, - deyə qeyd edilib.
Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan XİN-in notası təqdim olunub.