Azərbaycan məmurlarına Meksika dərsi – <font color=red> AXI NİYƏ?</font>

Cəmiyyət

14.10.2019 - 10:14

Və ya büdcəyə gedəcək milyonlardan niyə imtina edilir?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

 

Olduqca qəribə məmləkətdə yaşayırıq. Rüşvətlə mübarizəni də qəribə aparırıq. Deyirlər ki, bu ölkədə çox problemi pulla həll etmək olar, amma elə problemlər var ki, heç pulla da həll olunmur. Məsələn, deputatlar, iqtisadçılar gecə-gündüz haray çəkirlər ki, büdcədə kəsir var, problem var, vergilər tam yığılmır, özümüzə ziyandır, gələcəkdə əziyyət çəkəcəyik və s. Amma ortada, həlli qanuni yolla mümkün olan, özü də büdcəyə milyonlarla leqal pul gətirəcək bir nəsnə var ki, bunun da həlli dalana dirənib. Söhbət sənədsiz evlərin sənədləşdirilməsindən gedir.

 

İnsanlar Bakı və paytaxt ətrafında sovet dövründən başlayaraq “gecəqondu”lar tikib, 30-40 ildir bu yaşadıqları evlərin torpaq vergisini, qaz, işıq, su pulunu verirlər, amma dövlətin gözündə bu evlər hələ mövcud deyil. Qəribə deyilmi? Nəzərə alsaq ki, torpaq, evtikmə və özəlləşdirmə işi ilə Azərbaycanda bir neçə təşkilat məşğuldur və məhz onların hamısının ayrı-ayrılıqda razılığından sonra vətəndaş evinə sənəd ala bilər, o zaman məsələnin bu qədər dalana dirənməsinin ilkin konturları görünməyə başlayır. Bəs bu problem niyə yerindən tərpənmir? Axı niyə?

 

Düzdür, bu istiqamətdə müəyyən irəliləyişlər var. Bir müddət əvvəl ölkə Prezidenti çoxmərtəbəli yaşayış evlərinin istismara qəbulunun asanlaşdırılmasını nəzərdə tutan fərman imzaladı. Rəsmi məlumatlara görə, fərmanın icrası nəticəsində yalnız Bakı şəhərində 400-dək yaşayış binası istismara qəbul edilir və ediləcək ki, bu da minlərlə mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədin – çıxarışın alınmasına gətirib çıxaracaq.

Yoldaş Mircəfər