Quterreş Rusiyanın Kiyevdəki Azərbaycan səfirliyinə hücumunu pisləyib

Xəbərlər

15.11.2025 - 10:12

BMT Baş katibi diplomatik binaların toxunulmazlığını xatırladıb

BMT-nin Baş katibi António Quterreş Rusiyanın Ukraynanın paytaxtı Kiyevdəki Azərbaycan səfirliyinə hücumunu pisləyərək diplomatik binaların toxunulmazlığını xatırladıb.

AYNA.AZ xəbər verir ki, Baş katibin fikrini Stefan Dujarrik bu barədə müntəzəm brifinq zamanı bildirib.

"Baş katib bu gün Rusiya Federasiyasının Ukraynanın bir neçə bölgəsinə genişmiqyaslı raket və pilotsuz təyyarə hücumlarını qətiyyətlə pisləyir. Bu hücum nəticəsində Kiyevdə ən azı altı, Çornomorskda isə iki nəfər həlak olub. Hücum nəticəsində çoxsaylı mülki şəxslərin xəsarət aldığı, yaşayış binalarına və enerji infrastrukturuna, eləcə də Kiyevdəki Azərbaycan Respublikasının səfirliyinə ziyan dəydiyi bildirilir", - Dujarrik vurğulayıb.

O qeyd edib ki, mülki şəxslərə və mülki infrastruktura hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır: "Bu hücumlar harada baş verməsindən asılı olmayaraq qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Baş katib diplomatik binaların toxunulmazlığı prinsipini xatırladır".

“Baş katib Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhə doğru ilk addım olaraq tam, dərhal və qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayır və beynəlxalq hüquqa, Nizamnaməyə və müvafiq BMT qətnamələrinə uyğun olaraq Ukraynanın suverenliyini, müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bir daha təsdiqləyir”, - deyə vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş