“Quranın yandırılması İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ləngidir”

Dünya

25.01.2023 - 15:26

Marçin Pşidaç: “Ankaranın NATO-ya daxil olan ölkələrə müqavimət göstərməsinin səbəbləri arasında daxili siyasi vəziyyət də var”

“Quranın yandırılması ilə bağlı insident və Türkiyə tərəfinin mövqeyi İsveç və Finlandiyanın NATO-ya qoşulması prosesini xeyli ləngidir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşa Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç deyib.

“Bu, əlbəttə ki, təkcə görüşün ləğvini deyil, həm də Türkiyə Prezidentinin sərt bəyanatlarını əhəmiyyətli dərəcədə artırır. Bir qərar veriləcəyi gözlənilirdi. Təəssüf ki, görünür Türkiyə tərəfi bununla razılaşmağa hazır deyil”, - deyə Pşidaç vurğulayıb.

Polşa rəsmisinin sözlərinə görə, Ankaranın NATO-ya daxil olan ölkələrə müqavimət göstərməsinin səbəbləri arasında daxili siyasi vəziyyət də var: “Bu il Türkiyədə seçkilər keçiriləcək və seçki kampaniyasında xüsusilə, məsələn, Quranın yandırılması kontekstində qəti mövqe nümayiş etdirmək kimi arqumentlərdən tez-tez istifadə olunur”.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karine Jan-Pierre daha əvvəl bildirmişdi ki, Finlandiya və İsveç artıq Türkiyə ilə razılaşmanı həyata keçirmək üçün addımlar atıb və NATO üzvü olmağa hazırdırlar.

Finlandiyanın xarici işlər naziri Pekka Havisto bildirib ki, Finlandiya və İsveç NATO-ya daxil olan ölkələrin problemlərini müzakirə etmək üçün Türkiyədən olan həmkarları ilə yeni görüş təşkil etməyə çalışır.

Müəllif: Ayna.az