Yolda qar uçqunu və torpaq sürüşməsi baş verməyib
Yanvarın 21-dən 22-nə keçən gecə Qubanın dağlıq yaşayış məntəqələrində mənfi 16 dərəcəyədək şaxta olub. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AYNA.AZ-a verilən məlumata görə, ötən gecə rayonun Xaltan kəndində mənfi 15, 5, Qırız kəndində isə mənfi 13,5 dərəcə şaxta qeydə alınıb.
Havanın şaxtalı olması ilə əlaqədar Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşib. Yolun bəzi hissələrinə 5 santimetrdən çox qar yağıb.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnika ilə təmin edilən növbətçi briqadaları yola nəzarət edir.
Yolların qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.