Paytaxt Bişkekin Ala-Too meydanında yerli və xarici sənətçilərin iştirakı ilə bayram qala-konserti keçiriləcək
Bu gün Qırğızıstan müstəqilliyinin 33-cü ildönümünü qeyd edir. AYNA qırğız mediasına istinadən bildirir ki, paytaxt Bişkekin Ala-Too meydanında yerli və xarici sənətçilərin iştirakı ilə bayram qala-konserti keçiriləcək. Konsertdə Stas Mixaylov, Filipp Kirkorov, Lyusya Çebotina, Bosson iştirak edəcək.
Bayram münasibətilə ölkənin baş meydanı Ala-Tooda 100 metr hündürlüyündə yeni dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.
Mərasim Prezident Sadır Japarovun iştirakı ilə baş tutub. Prezident qırğızların azadlığın və müstəqil inkişafın dəyərini dərk etmək, onları əzizləmək və gələcək nəsillərə ləyaqətlə ötürmək məqsədilə Müstəqillik Gününü təntənəli şəkildə qeyd etmək ənənəsinə sadiq qaldıqlarını söyləyib.
Qeyd edək ki, 1991-ci il avqustun 31-də Respublika Ali Soveti “Dövlət Müstəqilliyi Bəyannaməsi”ni qəbul edib. Bu Akta əsasən ölkə müstəqil, suveren, demokratik dövlət elan edilib.