“Wall Street Journal”: Atəşkəsdən sonra İsrailin eyni qüvvə ilə döyüşləri bərpa etməsi çətin olacaq
Qərbin “Wall Street Journal” qəzeti Qəzza zolağında atəşkəsin təfərrüatlarını açıqlayıb. AYNA-nın məlumatına görə, nəşrin mənbələri qeyd edir ki, danışıqlara vasitəçilər altı həftəlik atəşkəsdə israr edirlər. Bundan sonra isə İsrailin eyni qüvvə ilə döyüşləri bərpa etməsi çətin olacaq.
Razılaşmanın şərtlərinə görə, HƏMAS altı həftəlik atəşkəsdən sonra girovları azad etməyə hazırdır. Materialda deyilir ki, bütün əsirlərin qaytarılmasından sonra İsrail anklavda daha məhdud əməliyyatları nəzərdən keçirir.
“Rəsmilər bildiriblər ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns başda olmaqla danışıqlardakı vasitəçilər uzun fasilədən sonra İsrailin müharibəni indiki intensivliyində davam etdirməyin çətin olacağını iddia edirlər”, – qəzet yazır.
Ərəb rəsmiləri belə bir razılaşmanın mümkün olmadığını hesab edirlər. Lakin etiraf edirlər ki, bir həftə, on gün ərzində bir sıra ciddi maneələr aradan qaldırılarsa, razılaşma tamamlana bilər.
Mənbələrə görə, İsrailin Mossad kəşfiyyatının direktoru David Barnea Parisdə bağlı qapılar arxasında ümumi razılaşmanı imzalayıb.
Birinci mərhələ HƏMAS girovları azad etmək üçün toplayarkən, altı həftə ərzində pilotsuz uçuş aparatları ilə müşahidə də daxil olmaqla, Qəzzada İsrailin bütün hərbi əməliyyatlarını dayandırmağı nəzərdə tutur. Fələstin hərəkatı bütün mülki əsirləri təhvil verəcək və uğur qazanacağı təqdirdə ikinci mərhələ İsrail qadın əsgərlərinin azad edilməsi ilə başlayacaq.
Qəzza zolağına humanitar yardımın artırılması, xəstəxanaların, su xidmətlərinin və çörəkbişirmə müəssisələrinin fəaliyyətinə zəmanət verilir. Razılaşmanın üçüncü mərhələsində HƏMAS kişi əsgərləri azad edib cəsədləri təhvil verəcəyini vəd edir.
Bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bu məsələdə qırmızı xətlərin mövcudluğuna işarə edərək, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının saxladığı girovları nəyin bahasına olursa olsun azad etməkdən imtina etdiyini açıqlamışdı.