Göyərtədə 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub
Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsində olan şəxslərin adları bilinib.
AYNA Qazaxıstan mediasına istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ilkin məlumatlara görə, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Bu arada, sosial şəbəkələrdə təyyarədə olanların siyahısı dərc olunub. Bu siyahının hansı mənbədən əldə edildiyi dəqiqləşməyib.
Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
