Şəmkirdəki dəhşətli hadisə barədə yeni üzücü xəbər var

Hadisə

19.08.2019 - 11:45

Qayınatasının evini yandıran kişinin həyat yoldaşı da dünyasını dəyişib

 

Xəbər verdiyimiz kimi, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olub. O, ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq atasının evində yaşayan, 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası, 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə töküb.

 

E.Sadıqov, həmçinin benzinin qalan hissəsini evin içərisinə tökərək yandırıb. Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu, 2017-ci il təvəllüdlü Nicat Sadıqov aldığı yanıq xəsarətlərindən ölüb.

 

Bundan başqa, Səltənət Məmmədova 55%, Mətanət Məsimova isə 70% (4-cü dərəcəli) bədən yanığı ilə kritik vəziyyətdə, Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, 24 yaşlı qadın, həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 06:20-də aldığı yanıq xəsarətlərdən dünyasını dəyişib.

 

Səltənət Məmmədovanın vəziyyəti də kritik olaraq qalır. Həkimlər onun həyatının təhlükə altında olduğunu deyirlər.

Müəllif: Ayna.az