Qərar təqdirəlayiqdir, amma: “Vergi Məcəlləsi yenidən qəbul edilməlidir”

İqtisadiyyat

15.07.2021 - 18:14

Azər Mehdiyev: “Vergi sistemində ciddi islahatlara ehtiyac var, araşdırma və təhlillər aparılmalıdır”

 

Natiq Cəfərli: “İstehsal, tikinti, xidmət sektoru, hamısı eyni qədər vergi ödəyir – dünyanın heç yerində belə təcrübə yoxdur”

 

Prezident İlham Əliyev Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunları təsdiqləyib. Dəyişikliyə əsasən, Azərbaycanda Vətən müharibəsi qəhrəmanları gəlir vergisindən azad edilib. Bunun üçün gəlir vergisindən azad edilmiş şəxslərin siyahısına Vətən müharibəsi qəhrəmanları da əlavə olunub.

 

Xatırladaq ki, Azərbaycanda mövcud olan 9 vergi növündən biri də gəlir vergisidir. Gəlir vergisi fiziki şəxslər tərəfindən əldə edilən gəlirlərə tətbiq edilən vergi növüdür. Rezident və qeyri-rezident fiziki şəxslər bu verginin ödəyiciləridir. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Faiz və dividend gəlirləri hər biri ayrı-ayrılıqda 10, əmlakın icarə verilməsindən 14, vergi ödəyicisinə bağışlanmış borcun məbləğindən 14, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan gəlir vergisi 14 faiz təşkil edir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

 

Buna qədər Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanlarının, müharibə əlillərinin, həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin ailə üzvləri bu imtiyazdan istifadə hüququna malik idi. Bundan sonra isə Vətən müharibəsi qəhrəmanları da gəlir vergisindən azad edilir.

 

Azərbaycanda müəyyən sosial qruplara vergi güzəştlərinin tətbiq olunması ilə bağlı təkliflər dəfələrlə gündəmə gəlib. Qarabağa sərmayə yatıracaq yerli və əcnəbi investorların fəaliyyətinin stimullaşdırılması, onlara vergi güzəştlərinin tətbiq olunması, eyni zamanda qeyri-neft sektoruna keçidi sürətləndirmək üçün perspektivli sahələrdə fəaliyyət göstərən sahibkarlara vergi güzəştlərinin şamil olunması bu qəbildəndir.

 

Əmək və Vergi məcəllələrində edilən dəyişikliklərin nəticələri və gələcəkdə digər sosial qruplara da vergi güzəştlərinin edilməsi perspektivləri ilə bağlı mövzunu AYNA iqtisadçı ekspertlərlə müzakirə edib.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...

Azər Mehtiyev hesab edir ki, Vətən müharibəsi iştirakçılarına vergi güzəştlərinin tətbiq olunması zəruri addımdır: “Əvvəlcə məsələyə bir iqtisadçı kimi deyil, bir vətəndaş olaraq münasibət bildirmək istəyirəm. Bilirsiniz ki, Vətən müharibəsi iştirakçıları döyüşlərə gedərkən heç biri qayıdacağına əmin deyildi. Faktiki olaraq onlar öz canlarını vətənimizin, dövlətimizin yolunda sipər etdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına cansağlığı versin! Heç şübhəsiz, Vətən müharibəsi iştirakçılarının gəlir vergisindən azad edilməsi labüd idi. Dünyanın hər yerində bu təcrübədən istifadə olunur. Azərbaycanın dövlət büdcəsi də buna imkan verir. Buna qədər Milli qəhrəmanlar, şəhid ailələri, müharibə əlilləri gəlir vergisindən azad idi. Bundan sonra Vətən müharibəsi iştirakçıları da gəlir vergisindən azad ediləcək”.

 

“Lakin hesab edirəm ki, bununla kifayətlənmək olmaz. Vətən müharibəsi iştirakçıları üçün kompleks tədbirlər həyata keçirilməli, onların məşğulluğunun artırılması, sosial məişət problemlərinin həlli istiqamətində addımlar atılmalı, digər imtiyazlar da şamil olunmalıdır. Nəzərə almaq lazımdır ki, onlar örnək vətəndaşlardır və edilən hər bir güzəşt dövlət-vətəndaş münasibətlərində etimadın artırılmasına  xidmət edir”, - deyə həmsöhbətimiz bildirib.

 

O ki qaldı hansı güzəştlərin tətbiq olunmasına, Mehtiyevin sözlərinə görə, gəlir vergisi deyərkən müxtəlif imtiyazlar, fiziki şəxs olaraq əldə edilən gəlirlərin faiz, dividend hissəsi vergidən azad edilir: “Halbuki, hər bir fiziki şəxs buna görə 10 faiz vergi ödəyir. Eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq Vətən müharibəsi iştirakçıları da müəyyən üstünlüklər qazanacaqlar. Misal üçün, müharibədə iştirak etmiş vəkil və icarədar ödəməli olduğu 14 faizlik gəlir vergisindən azad olunacaq. Eyni zamanda 20 faiz əlavə gəlir vergisi də onlara şamil edilməyəcək. Sözsüz ki, burada söhbət fiziki şəxslərdən gedir. Məhdud Məsuliyyətli Cəmiyyət yaradaraq, hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan veteran döyüşçülər bu imtiyazdan bəhrələnə bilməyəcəklər”.

 

İqtisadçının fikrincə, digər sosial qruplara vergi güzəştlərinin tətbiq edilməsi məqsədəuyğun deyil: “Nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin əsas gəliri vergilər hesabına formalaşır. Bu mənada ciddi vergi güzəştlərinin tətbiq olunması təqdir olunan deyil. Yalnız xüsusi xidmətləri olan şəxslərin vergi imtiyazları olmalıdır. Digər sosial qruplara vergi güzəştlərinin tətbiqi onların faydalılıq əmsalı nəzərə alınmaqla həyata keçirilə bilər. Bunun üçün isə xüsusi araşdırmalar aparılmalı, situasiya dərindən təhlil edilməlidir. Hesab edirəm ki, vergi sistemində ciddi islahatlara ehtiyac var”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

Natiq Cəfərli Vətən müharibəsi iştirakçılarının gəlir vergisindən azad olunmasını mütərəqqi addım kimi dəyərləndirir: “Lakin hesab etmək ki, bu, ölkə iqtisadiyyatında ciddi canlanma yaradacaq, səhv yanaşma olardı. Müharibə iştirakçılarının gəlir vergisindən azad edilməsi zəruri addımdır. Bundan öncə də Vətən müharibəsi iştirakçıları, Milli Qəhrəman və şəhid ailələrinin üzvləri bu imtiyazdan istifadə edirdilər. Bundan sonra Vətən müharibəsi iştirakçıları da bundan istifadə edəcəklər”.

 

“Vergi və Əmək Məcəllələrinə edilən dəyişiklikləri təqdir edirəm. Amma bir məsələ var ki, Azərbaycanın vergi sistemində ciddi islahatlar aparılmalıdır. Vergi Məcəlləsi çox qəliz şəkildə hazırlanıb və sahibkarlar üçün anlaşılan deyil. İndiyə qədər Məcəllədə 400-dən artıq dəyişiklik edilib. Bu isə beynəlxalq təcrübədə qəbul olunmayan haldır. Əgər biz beynəlxalq investorları cəlb etmək istəyiriksə, mütləqdir ki, mükəmməl və asan anlaşıla bilən Vergi Məcəlləsinə malik olaq. Bu gün isə belə deyil”, - deyə müsahibimiz vurğulayıb.

 

Onun qənaətincə, Vergi Məcəlləsinin həcmi çox böyükdür və bunun sadələşdirilməsinə ciddi ehtiyac var: “Vergi hesablamaları şəffaf olmalıdır və ilk növbədə bu barədə düşünməliyik. Vergi Məcəlləsinə elə müddəalar salmaq olar ki, sahibkarlar, istehsalçılar üçün stimullaşdırıcı olsun. Yəni, faydalılıq əmsalına görə müəyyən vergi güzəştləri tətbiq edilsin. Məcəlləyə dəyişikliklər etmədən edilən güzəştlərin də ciddi nəticəsi olmayacaq. Fəaliyyət sahəsinə görə, vergi faizləri müəyyən olunmalıdır. Xidmət, istehsal, tikinti və s. sektorlarda hər kəs eyni dərəcədə vergi ödəyir”.

 

“Dünyanın heç yerində belə şey yoxdur. Bu, yalnız Azərbaycanda belədir. İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar daha az, tikinti ilə məşğul olan iş adamları ondan bir az artıq, xidmət sektorunda çalışanlar daha artıq vergi ödəməlidir. Eyni zamanda bank kreditlərinin ucuzlaşdırılması, sahibkarlar üçün əlçatan olması, müstəqil məhkəmə sisteminin formalaşdırılması, gömrük rüsumlarına yenidən baxılması zəruridir. Bütün bunlar parallel şəkildə aparılmalıdır”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev