Samruk-Kazına Fondu və KTZ dəmir yolu şirkətinin rəhbəri saxlanılıb
Qazaxıstanın Samruk-Kazına Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və Qazaxıstan Dəmir Yolu (KTZ) milli dəmir yolu şirkətinin rəhbəri Eljas Otınşiyev Qazaxıstanda saxlanılıblar. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) məlumat yayıb.
Bildirilib ki, həbslər 11 noyabrda MTK-nın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib.
İki təşkilatın rəhbərlərindən əlavə, korrupsiyada şübhəli bilinən digər şəxslər də saxlanılıb.
Məlumata görə, hazırda işin bütün hallarını müəyyən etmək üçün istintaq hərəkətləri aparılır.
MTK qeyd edib ki, Qazaxıstan Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq məhkəməyəqədər istintaqla bağlı əlavə məlumatlar açıqlanmır.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsi və "Qanun və Qayda" prinsipinin qorunması çərçivəsində korrupsiyaya qarşı mübarizə səylərinin davam etdirildiyini vurğulayıb.
İddia edilən korrupsiya cinayətinin konkret halları və işin digər təfərrüatları hələlik açıqlanmayıb.