Kuandıq Bişimbayev 24 il azadlıqdan məhrum edilib
Qazaxıstanda məhkəmə keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevi həyat yoldaşı, 31 yaşlı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə AYNA qazax mediasına istinadən bildirir.
Ötən il noyabrın 9-da Bişimbayev restoranda olarkən həyat yoldaşını vəhşicəsinə döyüb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Şahidlər bildiriblər ki, Bişimbayev əvvəllər mütəmadi olaraq arvadını döyürmüş.
Sabiq nazir həyat yoldaşını öldürdükdən sonra restoranda nahar etməyə və bir neçə saat dostları ilə əylənməyə davam edib.
Məhkəmədə Bişimbayev arvadını döydüyünü etiraf edib, lakin onun ölümünü istəmədiyini bildirib.
Bişimbayevlə birlikdə onun qohumu, qətlin baş verdiyi restoranın sahibi Baxıtcan Baycanov məhkəmə qarşısına çıxıb. O, cinayəti gizlətməkdə ittiham olunub: döyülən Nukenova huşunu itirdikdən sonra o, “yuxuya getdiyini” deyib və polisə müraciət etməyib. Baycanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu hadisə Qazaxıstanda geniş rezonans doğurub. Ölkənin müxtəlif şəhərlərində qadınlara zorakılığa qarşı nümayişlər keçirilib. Hüquq müdafiəçiləri qeyd ediblər ki, Qazaxıstanda hər il 400-ə yaxın qadın gender əsaslı zorakılıq nəticəsində ölür. Statistikaya görə, qazaxıstanlı qadınların əksəriyyəti əri və ya partnyorları tərəfindən zorakılığa məruz qalıb. Hər il polisə məişət zorakılığı ilə bağlı 100 mindən çox məlumat daxil olur. Bununla belə, işlərin yalnız 40 faizi məhkəməyə çatır.