Astananın müraciəti dünyanın 57 ölkəsi tərəfindən yekdilliklə dəstəklənib
Qazaxıstan 2028-ci ildə keçiriləcək 26-cı Dünya Neft Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. AYNA qazax mediasına istinadən bildirir ki, bu barədə KAZENERGY Assosiasiyasından məlumat verilib.
“KAZENERGY Dünya Neft Şurasının (WPC Energy) rəhbərliyi ilə görüş keçirib. İkitərəfli əməkdaşlığın cari məsələləri, o cümlədən texniki dəstək, elmi tədqiqatlar və kadr hazırlığı müzakirə edilib. Danışıqlar nəticəsində 2028-ci ildə Astanada WPC-nin 26-cı Enerji Konqresinin keçirilməsinə dair Memorandumun imzalanması mərasimi keçirilib”, - məlumatda deyilir.
Səsvermənin nəticələrinə əsasən, Astananın müraciəti Şuranın bütün iştirakçıları (dünyanın 57 ölkəsi, dünya neft və qaz hasilatı və istehlakının 96%-ni təmsil edən) tərəfindən yekdilliklə dəstəklənib.
Enerji Konqresi 1933-cü ildən keçirilir. Bu, qlobal enerji və neft gündəmindəki mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu qlobal platformalardan biridir. Tədbirdə ənənəvi olaraq dövlət və hökumət başçıları, iri korporasiyaların və ixtisaslaşmış dövlət qurumlarının rəhbərləri, QHT və beynəlxalq təşkilatlar, eləcə də dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər iştirak edirlər.
Əvvəllər Dünya Neft Konqresləri Böyük Britaniya, ABŞ, Norveç, Çin, Braziliya, İspaniya, Qətər, Rusiya, Türkiyə və Kanadada keçirilib. 2026-cı ildə Konqres Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək.