“Qarabağ Azərbaycandır, amma...” – Paşinyandan həm etiraf, həm hiylə

Aktual

27.07.2023 - 10:20

“Dovşana qaç, tazıya tut” siyasəti və ya Ermənistan Baş nazirinin gizli planı nədir?

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onun sözlərinə görə, nəinki Ermənistan, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın.

Sülh müqaviləsindən danışan Baş nazir bu istiqamətdə razılığın əldə edilmədiyini söyləyib: “Müqavilə layihəsi üzərində işlər davam edir. Bununla belə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmaq üçün hazır deyil”.

Göründüyü kimi, Paşinyan bu dəfə də ziddiyyətli fikirlər səsləndirir. Bir tərəfdən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını, bununla da Qarabağ münaqişəsinin başa çatdığını bəyan edir, digər tərəfdən isə Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa hazır olmadığını bəyan edir.

Onun ziddiyətli fikirləri nədən qaynaqlanır? Hökumət başçısı ölkəsini sülhə, yoxsa müharibəyə hazırlayır?

Azərbaycan Milli Məclisinin üzvü, siyasi şərhçi Elşad Mirbəşiroğlu AYNA-ya açıqlamasında deyib ki, sülh sazişinə mane olmaqla Paşinyan öz hakimiyyətinin ömrünü uzatmağa çalışır: “Şübhəsiz ki, bu, təkcə onun qərarı deyil. Vaxtilə Paşinyanı iqtidara gətirən, bu gün də onun hakimiyyətinin qorunmasında maraqlı olan qüvvələrin ssenarisidir. Ermənistanın həyata keçirdiyi davamlı təxribatlar zamanı Qərb təsisatlarının bu prosesdə iştirakı bunun bariz nümunəsidir. Avropa İttifaqının mülki missiyasının əraziyə cəlb edilməsi, mülki patrul missiyası adı altında Ermənistana faktiki dəstəyi və digər məqamlar bu qəbildəndir”.

“Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil. Digər yandan, Azərbaycanla müharibə aparmağa qüdrəti yoxdur. Elə bu səbəbdən də Paşinyan ziddiyyətli açıqlamalar səsləndirir. Həm özünü qorumağa, həm də münaqişəni süni yolla uzatmağa çalışır”, - deyə deputat bildirib.

Həmsöhbətimiz əmindir ki, Qərb müxtəlif üsullarla prosesdə iştirak etməyə, rol almağa çalışır: “Bu məqsədlə də Paşinyandan alət kimi istifadə edirlər. Əslində Qərbin arzusudur ki, Qarabağ münaşiqəsi bitməsin və bu amildən öz maraqlarını təmin etmək üçün istifadə etsinlər. Eləcə də bu yolla Rusiyaya təzyiq göstərsinlər”.

“Lakin bir məqam var ki, 30 illik işğaldan sonra Azərbaycan öz doğma torpaqlarını işğaldan azad edib. Ölkəmizin tələbidir ki, sülh sazişi imzalansın. Zəngəzur dəhlizi açılsın. Regionda münasibətlər normallaşsın. Bu, tamamilə haqlı tələbdir və Azərbaycan öz mövqeyində israr edir. Paşinyan və havadarları isə imitasiyaya yol verirlər. Məüyyən vədlər versələr də, real addımlar atmırlar. Paşinyanın son açıqlaması zamanı onun Qarabağın Azərbaycan torpağı olmasını etiraf etməsi, ardınca da sülh müqaviləsi imzalamağa hazır olmadıqlarını bəyan etməsi bunun əyani təsdiqidir. Əgər Paşinyan həqiqətən də sülh prosesinə sadiqdirsə, ziddiyyətli mövqeyindən əl çəkməli və sülhyaratma prosesinə real töhfələr verməlidir”, - deyə Mirbəşiroğlu vurğulayıb.

Politoloq Tofiq Abbasov da AYNA-ya şərhində Paşinyanın ikili oynadığını söyləyib: “Bu, Paşinyanın Qarabağın Azərbaycan tərkib hissəsi olmasına dair ilk açıqlaması deyil. Ermənistanın Baş naziri ikibaşlı siyasi gediş edir: Bir tərəfdən Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edir, digər tərəfdən isə sülh müqaviləsinin imzalanmasına hazır olmadıqlarını söyləyir. Bu cür ziddiyyətli fikirlər Paşinyan üçün xarakterikdir. Vəd vermək ayrı şeydir, addım atmaq ayrı şey. Paşinyan tarixi Zəfərdən sonra vədlərlə gündəmdə qalmağa çalışır”.

“Digər yandan da Paşinyan onu hakimiyyətə gətirən qüvvələrin maraqlarını təmin edir. Onların sifarişi əsasında hərəkət etdiyinə görə, müstəqil qərarlar vermək iqtidarında deyil. Onlar Azərbaycanı aldatmaq, ümidləndirmək istəyirlər. Lakin ölkəmizin kifayət qədər təcrübəsi var və bu cür təzyiq üsulları Azərbaycan üçün keçərli deyil”, - deyə analitik diqqətə çatdırıb.

Əlavə edib ki, Paşinyanın sülhyaratma prosesi ilə bağlı söylədikləri də əsassızdır: “Deyir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyillər. Ermənistan rəhbəri unudur ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Qarabağın Azərbaycan ərazisi olduğunu Paşinyan da etiraf edir”.

“Belə olduğu halda ortaya haqlı suallar çıxır: Ermənistan hansı səbəbdən sülh müqaviləsini imzalamağa hazır deyil? Buna mane olan səbəblər nədir? Paşinyan həqiqətən də sözünün ağasıdırsa, vasitəçilərdən imtina etməlidir. Azərbaycan bunu edə bilər. Çünki üzbəüz danışmaq daha münasib formatdır. O isə bunu edə bilmir və nə qədər ki, “drjior çubuğu” ilə oturub-duracaq, edə bilməyəcək də”, - deyə Abbasov fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev