Dünya Rusiyanın törətdiyi fəlakətin qarşısını almalıdır
Putin ilə Ərdoğan arasında Soçidə keçirilən son görüşdə, Rusiyanın bu ilin iyulın 17-də “Taxıl müqaviləsi”ndən çıxdıqdan sonra bu müqavilənin yenidən bərpası üçün atılan addımlar nəticə verməyib. Görüşdən qısa müddət sonra Rusiya Aerokosmik Qüvvələri Ukraynanın Odessa və Nikolayev vilayətlərindəki liman infrastrukturuna, həmçinin Reni və İzmaildəki taxıl anbarlarına hücum etməyə başladı. Qara dəniz limanlarına ziyan dəydikdən sonra Ukrayna taxıl ixracını Dunay çayı üzərindən keçirməyə qərar verdi.
Buna cavab olaraq Rusiya Federasiyası Ukraynanın taxıl anbarlarını məhv etmək qərarına gəlib. Kremlin bu hərəkətləri göstərir ki, Putin Qərbə siyasi təzyiq göstərmək üçün qlobal məhsul qıtlığı yaratmağa çalışır.
BMT rəsmisi Stephane Dujarricin sözlərinə görə, keçən il Ukrayna taxılı dünyada 100 milyon insanı qida çatışmazlığından xilas edib. Ukrayna öhdəliklərini sədaqətlə yerinə yetirən etibarlı qida ixracatçısı kimi özünü təsdiq etdi.
Ekspertlər deyirlər ki, Rusiyanın “Taxıl sazişi”ni boykot etməsi ukraynalı fermerləri müflisləşdirə və qlobal ərzaq böhranına səbəb ola bilər.
Ukraynanın taxıl ixracı bərpa olunmasa, bu ilin sonunda Afrika və Yaxın Şərqin bəzi ölkələrində taxıl qıtlığı başlayacaq. Bu səbəbdən Avropaya axın edən yüzminlərlə qaçqın Avropa İttifaqı ölkələrində xaos, zorakılıq və epidemiyaların mənbəyinə çevriləcək.
Bu, Kremlin Qərbə yönəlmiş yeni hibrid təhlükəsidir. Bundan başqa, dünya bazarı taxıl qıtlığı nəticəsində kəskin qiymət artımı ilə reaksiya verəcək. Beləliklə Putinin lazımi siyasi qazancları əldə etmək üçün Qərbə təzyiqinin daha bir rıçağı yaranacaq.
Fəqət Rusiya Ukraynada iflasa uğrayır: Putinin başlatdığı müharibə Rusiyaya böyük itkilər və biabırçılıqdan başqa heç nə gətirməyib. Buna uyğun olaraq, Putin Qərbə təzyiq göstərmək üçün qida terrorundan istifadə etmək qərarına gəlib.
Dünya Rusiyanın planlaşdırdığı cinayətin qarşısını almalıdır: qlobal aclıq pandemiya və Ukrayna müharibəsindən sonra bəşəriyyət üçün növbəti bir şok olacaq.
Kasıb ölkələrdə milyonlarla insanın həyatını təhlükəyə atan ərzaq şantajına cavab olaraq Ukraynadan taxıl ixracı mümkün qədər tez bərpa edilməli və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməlidir.
Müəllif: Asif Əliyev,
Ukraynadan AYNA üçün
QEYD
Bu yazı AB-nin dəstəyi ilə hazırlanmışdır. Onun kontentinə AB benefisiarı olan "Ayna" cavabdehdir. Yazılanlar AB mövqeyi ilə üst-üstə düşməyə bilər.