Peskov: “Putin hazırda Rusiya ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olanlarla fəal beynəlxalq dialoq aparır”
“Hazırda Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında danışıqlar planı yoxdur, lakin Rusiya hər zaman dialoqa açıqdır”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin mürəkkəb, bəzən ən mürəkkəb qlobal və regional problemlərin həlli maraqları naminə həmişə dialoqa açıqdır. Hazırda yüksək səviyyədə təmasların aparılması nəzərdə tutulmur”, - Kreml sözçüsü bildirib.
Peskov əlavə edib ki, Putin hazırda Rusiya ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olanlarla fəal beynəlxalq dialoq aparır.
Kreml rəsmisi açıqlamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fransalı həmkarı Sebastyen Lekornunun telefon söhbətindən sonra dövlət başçıları arasında təmasların mümkünlüyü barədə suala cavab olaraq verib.