“Prezidentin köməkçiləri ilə görüş mənim üçün çox mühüm bir imkan yaratdı” – Ər-Toğrul Kamal

Mədəniyyət

27.11.2021 - 22:12

Həkimlər Klinikalar SEO Xidməti

Tanınmış aktyor: “Filmlərdə dublyaj üçün ödəniş çox azdır, gülməli məbləğdir”

Uzun illər YUĞ teatrında qurduğu tamaşalar, oynadığı obrazlar ilə teatrsevərlərin yaddaşında qalsa da, ölkədə bir dublyajı ilə bir gecənin içində məşhurlaşdı. Söhbət aktyor Ər-Toğrul Kamaldan gedir. O, fəaliyyətindəki son yeniliklərini AYNA-nın oxucuları ilə bölüşüb.

- İllərlə insəsənətdə olsanız da, karantin dövründə hazırladığınız dublyaj ilə bir gecədə ölkədə məşhurlaşdınız. Bu, necə oldu?

İncəsənətlə məşğul olan adam, təbii ki, tanınmaq, məşhur olmaq istəyər. Amma məndə əksi var. Yəni həmişə məşhurluq yox, əksinə, gizlilik prinsipimdir. Bəzi dostlarım həmişə deyirlər ki,” sən reklam, piyar işini yaxşı bilirsən, özünə niyə xərcləmirsən bu bacarığı?”. Sadəcə hər kəsə göstərmək istədim ki, istəsəm, bir gecəyə də məşhur ola bilərəm. Düşünülmüş, planlı iş görürdüm. Bilirdim ki, bu videolar nəticə verəcək.

- Bu ideyası necə yarandı?

- Mən əslində uzun illərdir peşəkar dublyajla məşğulam. Bu cür videolar isə internetdə qarşıma çıxdı, bir videonu səsləndirib sosial media hesablarıma yerləşdirdim və baxışın çox olduğunu gördüm. Ondan sonra belə dublyajlar etmək ideyam yarandı. Və düşündüm ki, niyə də bunu müsbət tərəfə yönəltməyim.

- Pandemiya dövründə dublyaj təsadüfən yerinə düşdü, yoxsa uyğun vaxt gözləyirdiniz?

- Yerinə düşdü. Çünki Operativ Qərargahın brifinqlərini satira şəklində tənqid eləmək üçün ən yaxşı zaman idi. Və elədim. Təbii ki, etdiklərimdə neqativ, ya da təhqiramiz nəsə yox idi. Elə buna görə də mənim dublyajlarımla bağlı "satira", ya da "amerikansayağı gülüş" sözləri işlədilir. Bu isə məni sevindirir.

- Bu dublyajlar karyeranızda nəyi dəyişdi?

Ər-Toğrula ölkənin çox vacib şəxsləri ilə görüş imkanı yaratdı. Ki, o görüşdə heç nə istəməyən Ər-Toğrula ən önəmli bir şeyi - yaradıcılıqla məşğul olmaq imkanını yaratdılar. Təşəkkür edirəm Hikmət müəllimə, Şahmar müəllimə (Prezidentin köməkçiləri – red.), mədəniyyət naziri Anar müəllimə və hazırda çalışdığım böyük yaradıcı məkanın, həqiqi teatr anlayışını təcəssüm etdirən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə.

- Təklif etdilər, yoxsa siz teatrda yenidən çalışmaq istədiyinizi bildirdiniz?

- Görüşdən bir gün sonra Mədəniyyət Nazirliyindən zəng etdilər və “Anar müəllim görüşmək üçün sizi dəvət edir” - dedilər. Mən də təbii ki, çox sevindim və getdim. Görüşdən bir neçə gün sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrda quruluşçu rejissor olaraq iş təklif etdilər. Çox sevindim və qəbul etdim.

- Deməli, yuxarı vəzifəli şəxslər görüşməlidir ki, sənətçiyə digərləri də dəyər versinlər...

- Belə deyim də. Ümumiyyətlə, diqqət mərkəzinə gəlmək üçün hərdən belə olur. Amma nəzərə alsaq ki, mən YUĞ teatrında, Akademik Dram Teatrında tamaşalar hazırlamışam, kriminal bir durumda Dağıstanda Dərbənd Azərbaycan Dövlət Teatrının baş rejissoru olmuşam, demək ki, sənətçi olaraq diqqətdə saxlanmaq lazım idi.

- YUĞ teatrının ab-havası tam fərqli olur. O teatrdan Musiqili Teatra keçmək çətin deyil?

- Xeyr. Ümumiyyətlə, teatr teatrdır. Ora oyun məkanıdır. Və quruluşçu rejissor teatr səhnəsində bir oyun qurur. Məkan olaraq fərq etməli deyil. Mənə də işlədiyim bütün teatrlar doğmadır.

- İstənilən bir tamaşanı hər 3 teatrda eyni formada qura bilərsiniz?

- Bəli. Dəyişiklik olmayacağını deyə bilmərəm. Çünki, insanlar canlı olaraq fərqli performanslar təqdim edə bilərlər və bu, dəyişikliyə səbəb ola bilər. Amma qurmaq mümkündür.

- Bir müddət  menecer kimi də bir neçə müğənni ilə işlədiniz. Sonuncu Mina idi. İndi də işbirliyi davam edir?

- Mən işlədiyim müğənninin musiqi məsələsindən tutmuş, geyimindən tutmuş, hansı efirə çıxacağına, hansı sayta müsahibə verəcəyinə qədər hər şeyini təyin etmişəm. Hal-hazırda vaxt azlığından heç bir müğənni ilə işləmirəm.

- Müğənnilərə menecerlik etmək çətindir, yoxsa teatda aktyorlar ilə işləmək?

- Menecerlik etmək. Çünki, mügənni ancaq musiqi tərəfini düşünür. Sən isə hərtərəfli düşünürsən. Toqquşma olur. Amma aktyorlar daha geniş düşünürlər. Təbii ki, istisnalar həmişə var.

- Özünüzün də yaxşı səsiniz var. Hətta gitara da çalırsınız. Heç müğənni olmaq barədə düşünmüsünüz?

- Qətiyyən! Mən kütlə qarşısında oxuyaram o zaman ki, oxumaqla pul qazanmağa məcbur qalmayım. Amma müğənnilik başqa bir şeydir. Onu edə bilmərəm. Yaxşı mənada yəni.

- Dediniz ki, uzun müddət dublyaj ilə də məşğul olmusunuz. Azərbaycan tamaşaçıları dublyajlardan şikayət edirlər. Bildirirlər ki, çox pis dublyaj edilir. Buna münasibətinizi bilmək istərdik.

Əslində, tamaşaçının “pis dublyaj” dediyi şey, bütün kanallarda və filmlərdə eşitdiyi eyni səslərə görədir. 15-16 nəfər dublyaj aktyoru var və bu, çox ağrılıdır. Düzdür, indi mən dublyaj kursu açmışam, artıq ilk qrupun səs yazmalarına başlamışıq. Azərbaycan Film Akademiyası olaraq Zaur Tahirsoy çox ilklərə imza atıb. Biri də bu oldu. Təklif elədim. O dəqiqə "hə" dedi və başladıq. Növbəti kurs 1 ay sonra olacaq. Biz burada yeni səslərin ortaya çıxması, dublyaj texnikası və nəfəsin, səsin idarə olunmasını tədris edirik.

- Çoxu deyir ki, “istedadım var, dublajda pul yoxdur deyə imtina edirəm”. Bu, doğrudur?

- Dublyajda pul yoxdur? (gülür – T.X.) Sən yaxşı dublyaj sənətçisi ol, reklamdan gələn qazanc bəsindir. Başqa şeyləri demirəm heç. Amma filmlərdə ödəniş çox azdır. Bir filmin dublyajı üçün 25 manat ödənilir. Gülməlidir.

- Bir film neçə günə dublaj edilir?

- Bir film 3 saata. Amma zəhməti çoxdur.

- Dediniz məsuliyyətli işləriniz çoxdur, ona görə digər işlər görmürsünüz. Hal-hazırda hansı tamaşa üzərində çalışırsınız?

- Hal-hazırda Migel De Servantesin “Don Kixot” romanının motivləri əsasında "Psix" tamaşasının məşqlərini başlamışıq. Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, aktrisa Gültac Əlili, aktyorlar Nicat Əli və Zaur Əliyev canlandırırlar. Tamaşa yaxın aylarda tamaşaçılara təqdim olunacaq.

Müəllif: Təranə Xudabaxşiyeva