Əlləri zahiri cavanlaşdırır, sözləri batini - FOTO, VİDEO

Mədəniyyət

21.03.2024 - 19:22

Moskvada yaşayıb-yaradan azərbaycanlı xanım: “Bəzən evdəkilər məndən bezirlər...”

Bu xanım Azərbaycanın Qazax rayonunda dünyaya göz açıb. Hazırda Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır. Peşəsi təbabət, sevgisi ədəbiyyatdır.

Beləliklə, AYNA-nın həmsöhbəti həkim kosmetoloq və şair Badisəba Nəsibovadır:

- Mən 1985-ci ildə Qazaxda anadan olmuşam, orada böyümüşəm, orta təhsil almışam. Sonra Bakıda ali təhsil aldım və ailə qurduqdan sonra Rusiyanın Moskva şəhərinə köçdüm. Artıq 14 ildən çoxdur ki, burada yaşayıram. Azərbaycanda filologiya fakultəsini bitirmişəm, bura köçdükdən sonra tibb sahəsi üzrə təhsil almışam və kosmetologiya oxumuşam. Hazırda həkim kosmetoloqam və 8 illik təcrübəm, 50-dən çox müxtəlif diplom və sertifikatım var.

- Qürbətdə yaşamaq necə bir hissdir?

- Əlbəttə, çətindir - vətən həsrəti çəkirsən. Bəzən çox darıxıram Azərbaycan üçün. Ümumiyyətlə, ölkədən xaricdə olan zaman vətəndən gələn primitiv bir əşya da, bayağı bir musiqi də, tikanlı qanqal da insanı kövrəldir, çünki yurdunun ətrini verir, onu xatırladır.

- Üstəlik, karyera da qurursunuz vətəndən kənarda...

- Bəli. Başqa ölkədə karyera qurmaq da çox çətindir. Hələ dəstəksiz daha da çətindir. Başlanğıcda həyat yoldaşım razı deyildi ki, mən yenidən oxuyum, işləyim. Çox söz-söhbətimiz, müzakirəmiz oldu. Sonradan razılıq verdi. Gərək, özünə inanasan, güclü olasan. Qəribçilikdə iş qurmaq həm də ona görə çətindir ki, Azərbaycanda nəyəsə əl atanda dost-tanış dəstək ola bilir, amma burda təksən və daha çox əzm göstərməlisən. Ümumiyyətlə, insan harda olur olsun, qarşısına məqsəd qoydusa, uğur qazanacaq.

- Həm tibb sahəsində çalışırsınız, həm də ədəbiyyat adamısınız. Bunlar bir-birinə mane olmur ki?

- Yaradıcılıq və işim, karyeram tamamilə fərqlidir. Peşəm daim yeniliklər tələb edir, bunun üçün oxumalısan, konfranslarda iştirak etməlisən. Üstəlik, gərgin iş rejimi... Bəzən çox yoruluram. Bax o zaman yaradıcılıq köməyə gəlir, ruhlandırır, enerji verir.

- Rusiya soyuq ölkədir – həm iqlimi, həm insanları baxımından. Belə soyuq bir mühitdə yazıb-yaratmağın ilham qaynağı nədir?

- Uşaqlıqdan ədəbiyyatı, poeziyanı çox sevirəm. Ara-sıra şeir də yazırdım. Tələbə vaxtı bizim bir müəllimimiz vardı - Rafiq Yusifoğlu. Şair idi və hər dərsdə şeiriyyətdən o qədər həvəslə danışırdı ki, insana ilham gəlirdi. Bəlkə, qazaxlı olmağım da şair olmağımda böyük rol oynayır. Axı Qazax söz ocağıdır. Onu da deyim ki, Azərbaycana hər gedəndə daha çox yazıb-yaratmaq həvəsində oluram, daha çox yazıram.

- Seçim qarşısında qalsanız, hansından əl çəkərsiniz: həkimlikdən, yoxsa şairlikdən?

- Hər şeydən öncə 2 övlad anasıyam və ana olmaq qədər gözəl bir hiss yoxdur. Mənim üçün karyeram da, yazdığım şeirlər də övladım kimidir. Onları o qədər sevə-sevə ərsəyə gətirirəm ki, övladım kimi doğmalaşırlar. Əgər vaz keçəsi olsam, yəqin heç birindən. Mən insanlara faydalı olmaqdan zövq alıram. Hər pasiyentlə işlədikdə ona gözəllik, cavanlıq bəxş elədikcə onların gözündəki sevinc, özünə inam məni çox sevindirir. Şeir yazmağın da ayrı gözəlliyi var, o şeirlərlə birlikdə sanki yenidən doğuluram. Bəzən evdəkilər məndən bezirlər (gülür – müəllif). Gecə durub yarımçıq bir şeiri böyük bir sevinclə tamamlayıram. Özümü yalnız evdar xanım kimi təsəvvür eliyə bilmərəm. Düşünürəm ki, hamısı vəhdətdə gözəldir.

- Azərbaycanda yaşasaydınız, hansı peşənin sahibi olardınız?

- Əgər Azərbaycanda yaşasaydım, buraya köçməsəydim, filoloq sənətini davam etdirərdim və yenə də şeir yazardım. Amma gələcəkdə əgər Azərbaycana köçsəm, həkim kosmetoloq kimi fəaliyyət göstərərəm. Və, əlbəttə ki, 3-ünü bir arada tutmağa çalışaram – ailəm, peşəm, yaradıcılığım.

- Bir ana, bir həkim və bir xanım olaraq, özünü həyatda təsdiq etmək istəyən xanımlara tövsiyəniz..?

- Özlərinə inansınlar, özlərini sevsinlər və özlərinə qiymət versinlər. Təhsil vacibdir, əgər təhsil almaq imkanı yoxdursa, mütləq bir peşə sahibi olsunlar. Qısası, öz ayaqları üstündə dayanmağı bacarsınlar.

- Özünüzə arzunuz?

- Hazırda şəxsi studiyamda çalışıram. İş həyatındakı arzum budur ki, gözəllik sahəsində bir klinika açım. Yaradıcılıq arzum isə hələlik bir kitab çap etdirmək və şeirlərimi orada toplamaqdır.

Əlləri zahiri cavanlaşdırır, sözləri batini - Əlləri zahiri cavanlaşdırır, sözləri batini - Əlləri zahiri cavanlaşdırır, sözləri batini - Əlləri zahiri cavanlaşdırır, sözləri batini - Əlləri zahiri cavanlaşdırır, sözləri batini -
Müəllif: Banu Çiçək