“Prezidentə desinlər ki, işi bacarmırlar” - Milli Məclisdə tibbi sığortadan narazılıq

Cəmiyyət

15.10.2021 - 17:05

Deputat: “Ya bu qurum Səhiyyə Nazirliyinin tərkibinə verilməli, ya da nazirlik ləğv olunmalıdır”

Milli Məclisin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliklərin müzakirə olunub. Müzakirə zamanı Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev icbari tibbi sığorta ilə bağlı fikir səsləndirib. Deputat qeyd edib ki, İcbari Tibbi Sığorta Agentliyi basqı altında işləyir: “Səhvlər də, nöqsanlar da, çalışmalar da var. Hesab edirəm ki, tibbi sığorta sahəsinə dəstək verəkmək lazımdır. Tibbi sığortanın alternativi yoxdur. Nə olur olsun, tibbi sığorta yaratmalıyıq. Səhiyyə büdcəmizi artırmalıyıq”.

“Müharibə dönəmində bizim səhiyyə işçilərimiz yerdə bir yaralı əsgər buraxmadılar”

“Ötən iclasda Razi Nurullayevin bütün səhiyyə sistemi və səhiyyə işçiləri adına dedikləri ədalətsiz idi”, - deyən xanım deputat Məlahət İbrahimqızı bildirib ki, səhiyyə işçiləri respublikada ən aşağı əməkhaqqı alan kateqoriyadır: “Son illərdə ölkəmizdə aparılan islahatlar fonunda, səhiyyə sahəsində olan islahatlardan danışırıq. Baltik ölkələrində səhiyyə sahəsində olan islahatlar 7 il sonra öz bəhrəsini verdi. Gürcüstanda səhiyyə sistemində islahatlara bizdən əvvəl başlasa da, onlar hələ nəticəni görə bilməyib. Pandemiya başlayandan bizim tibb işçiləri çalışır. Prezident İlham Əliyev öz çıxışlarında səhiyyə işçiləri ilə bağlı çox yüksək fikirlər söyləyib. Müharibə dönəmində bizim səhiyyə işçilərimiz yerdə bir yaralı əsgər buraxmadılar”.

“Fərqi yoxdur, yaralanmayıb, ölməyib, əsas odur ki, müharibəyə gedib, yanında bomba partlayıb”

“Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edən veteranlara bəzi sosial müavinətlər verilir. Bir neçə gündən sonra biz zəfərimizin bir illiyini qeyd edəcəyik. Veteran deyəndə sadəcə şəhid və qazi başa düşülməməlidir. Bu gün 44 günlük müharibədə iştirak edənlər Birinci Qarabağ müharibəsində iştirak edənlərdən fərqli olaraq müavinət almır. Büdcə müzakirəsi zamanı bu məsələ qaldırılmalıdır. İkinci Qarabağ Müharibəsində iştirak edənlərə müavinət verilsin. Fərqi yoxdur, yaralanmayıb, ölməyib, əsas odur ki, müharibəyə gedib, yanında bomba partlayıb”, - deyə deputat vurğulayıb.

“İkibaşlı idarəetmə özünü doğrultmur”

Deputat Qüdrət Həsənquliyev isə çıxışında bildirib ki, Azərbaycanda uğursuz qərarlardan biri “Tibbi Ərazi Bölmələrini İdarə Birliyi”nin (TƏBİB) yaradılması olub: “Ya bu qurum Səhiyyə Nazirliyinin tərkibinə verilməli, ya da nazirlik ləğv olunmalıdır. Çünki ikibaşlı idarəetmə özünü doğrultmur. Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemləri özlərində güc tapıb Prezidentə müraciət etmirlər? Bu sahədə bizə xaricdən mütəxəsislər lazımdır. Onlar Prezidentə desinlər ki, işi bacarmırlar. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəsislər dəvət edilməlidir”.

Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deputata cavab olaraq bildirib ki, şübhəsiz ki icbari tibbi sığortanın həyata keçirmədən əvvəl bütün dünyanın təcrübəsi öyrənilib: “Problemlərin olması ilə razıyam. Amma ilbəil problemlər azalacaq”.

“Zərfə daxil olmayan xidmətlərə görə ödənişlərin hara daxil olacağı müəyyən olunmalıdır”

“İcbari tibbi sığorta zərifinə daxil olmayan səhiyyə xidmətlərinin tarifləri müəyyənləşdirən zaman meyarların müəyyənləşdirilməməsi sui-istifadələrə yol aça bilər”. Bu sözləri isə müzakirə zamanı deputat Vüqar Bayramov səsləndirib.

V.Bayramov qeyd edib ki, layihədə qiymətlərin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdiriləcəyi qeyd olunur: “Burada isə qurumların sayı çoxdur. Ola bilər ki, qiymətlərdə fərqli tariflər təqdim olunsun. Buna görə də bu layihədə tariflər dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Digər məqam sığorta olunmayan vətəndaşlarımızla bağlıdır. Zərfə daxil olan və daxil olmayan xidmətlərlə bağlı da problem var. Zərfə daxil olmayan xidmətlər vətəndaşlar tərəfindən ödəniləcək. Bu da sui-istifadə hallarına gətirib çıxara bilər. Çünki zərfə daxil olan xidmətlərlə bağlı qiymətlər aydın deyil. Səhiyyə müəssisələri tərəfindən bu xidmətlər zərfə daxil olmayan kimi göstərilə bilər”.

“Zərfə daxil olan xidmətlər aydınlaşdırılmalı, sərhədlər müəyyənləşdirilməlidir. Zərfə daxil olmayan xidmətlərə görə ödənişlərin hara daxil olacağı müəyyən olunmalıdır. Bu vəsaitin səhiyyə xidməti, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən xərclənəcəyi aydın deyil. Xəstəxanalar və səhiyyə müəssisələrinin durumunun maliyyə baxımdan daha da yaxşılaşması ilə bağlı təklif olunan dəyişikliklər buna təsir göstərə bilər, amma sui-istifadə hallarına da yol aça bilər. Ona görə də layihəyə olan təkliflər daha aydınlaşdırılmalıdır”, - deyə V.Bayramov vurğulayıb.

Müəllif: Anar Bayramoğlu