İlham Əliyev şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edib
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
AYNA.AZ xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.
Prezident sakinlərlə görüşdə deyib ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir: ““Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.
Bu gün ölkəmizin ən böyük rayonu olan Kəlbəcərin və onun şəhərinin artıq canlandığını, buraya həyatın qayıtdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, siz burada rahat yaşayacaqsınız”.