Praqadan rus diplomatlar barədə təklif: “Aİ-yə səfərləri məhdudlaşdırılsın”

Dünya

22.04.2024 - 14:39

Nazir: “Biz Rusiyanın casus təhlükəsi ilə mübarizə aparmaq üçün yeni alətlər hazırlamalıyıq”

Çexiyanın xarici işlər naziri Yan Lipavski yenidən rusiyalı diplomatların Avropa İttifaqı (Aİ) daxilində səfərlərinin məhdudlaşdırılmasını təklif edib. AYNA xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

“Biz Rusiyanın casus təhlükəsi ilə mübarizə aparmaq üçün yeni alətlər hazırlamalıyıq. Rusiya casuslarının Şengen vizası vasitəsilə hərəkətinin qarşısını almaq üçün öz təkliflərimi təkrarlayıram. Buna tez nail olmaq olar”, - deyə portal diplomatın sözlərini sitat gətirib.

Nazir bu yaxınlarda Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki Almaniya vətəndaşının həbsini xatırladıb.

Praqanın təklifinə əsasən, Avropaya gələn rusiyalı diplomatların viza verildiyi ölkədən başqa İttifaqın heç bir ölkəsinə getməsinə icazə verilməməlidir.

Bununla belə, bəzi ölkələr bu təklifin Şengen qaydalarını və Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasını poza biləcəyindən narahatdırlar. Eyni zamanda, bir sıra Aİ ölkələri rus diplomatları üçün məcburi biometrik pasportların saxtalaşdırılması daha çətin olduğundan onların tətbiqini təklif edir.

Bundan əvvəl Çexiya 12-ci sanksiyalar paketinin bir hissəsi kimi oxşar tədbiri müzakirəyə təqdim etmişdi. Praqa diplomat kimi maskalanan kəşfiyyatçıların timsalında Rusiyanın casusluq təhdidindən narahatdır.

Müəllif: Ayna.az