Rusiya Təhlükəsizlik Şurasının katibi gəmilərə hücumla bağlı açıqlama verib
““Taxıl dəhlizi”nin fəaliyyətini təmin edən Rusiya gəmilərinə hücumu ancaq terror aktı kimi qiymətləndirmək olar”. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Rusiyanın iddiasına görə, oktyabrın 29-da Ukrayna pilotsuz təyyarələrlə Sevastopola hücum edib. Bildirilir ki, Qara Dəniz Donanmasının gəmiləri hücumu dəf edib, heç kim xəsarət almayıb.
Rusiya Müdafiə Nazirliyi dron hücumundan sonra Moskvanın “taxıl müqaviləsi”ndə iştirakını dayandırdığını bildirib və hücuma məruz qalan gəmilərin “taxıl dəhlizi”nin təhlükəsizliyini təmin etdiyini vurğulayıb.
Noyabrın 2-də Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün “taxıl müqaviləsi”ndə iştirakını bərpa etmək qərarına gəlib. Bildirilir ki, Rusiya tərəfi Ukraynadan zəmanət alıb, ona əsasən, Kiyev “taxıl dəhlizi”ndən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib. Tərəflər arasında aparılan danışıqlarda vasitəçi qismində Türkiyə və BMT çıxış edib.