Paşinyandan Türkiyəyə jest: əgər mövqeyinin arxasında dayanarsa...

Siyasət

29.08.2021 - 10:27

İrəvanda siyasi kurs dəyişikliyi, reallığın diqtəsi, yoxsa diplomatik gediş?

 

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı Türkiyə ilə bağlı maraqlı açıqlamalar verib. O, regionda sülhün bərqərar olması istiqamətində Türkiyədən müsbət siqnallar aldıqlarını söyləyib. Deyib ki, bu mesajları qiymətləndirəcək və müsbət cavab verəcəklər.

 

Bu isə öz növbəsində Türkiyənin prosesdə fəal iştirakı istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bəs, görəsən Paşinyan “Türkiyədən müsbət siqanllar almışıq” deyərkən nəyi nəzərdə tutur?

Mehman Əliyev həbsdən azad edilir

“Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev AYNA-ya şərhində deyib ki, Paşinyan Türkiyə ilə münasibətlərin bərpasında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib: “Bu, ilk dəfə deyil ki, Paşinyan belə bir açıqlama verir. Hesab edirəm ki, həm Türkiyə, həm də Ermənistan bu münasibətlərin bərpasında maraqlıdır. Bundan öncə bu əməkdaşlığı əngəlləyən müəyyən səbəblər mövcud idi. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyəcəyi təqdirdə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. 44 günlük Vətən müharibəsində artıq Azərbaycan öz doğma torpaqlarını işğaldan azad edib. Türkiyə bu məsələdə Azərbaycana öz dəstəyini nümayiş etdirib. Heç şübhəsiz ki, qələbənin əldə edilməsində Türkiyənin diplomatik müstəvidə verdiyi dəstəyin önəmli rolu olub”.

 

Politoloqun bildirdiyinə görə, Paşinyanın açıqlaması zamanı konkret nəyi nəzərdə tutduğu qaranlıqdır: “Lakin burada söhbət regionda sülhün təmin olunmasından gedir. Bunun üçün Ermənistan müəyyən addımlar atmalıdır. İlk növbədə Azərbaycana və Türkiyəyə qarşı yönələn mənfur iddialarından əl çəkməlidir. Digər yandan 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidir. Nəqliyyat və kommunikasiya xətlərinin açılması da bu sıraya aiddir. Əgər regionda sülhün təmin olunmasında doğrudan da maraqlıdırlarsa, o zaman sülh sazişi imzalanmalıdır. Düzdür, burada kənar təsirlər də var. Xüsuslə Rusiya faktorunu görməzdən gəlmək olmaz”.

 

Əliyev vurğulayıb ki, Türkiyə və Azərbaycanla münasibətlərin bərpası ilk növbədə Ermənistanın özünə lazımdır: “Çünki bu ölkə sosial-iqtisadi problemlərdən əziyyət çəkir. Regional iqtisadi və infrastruktur layihələrindən kənarda qalıb. Bunu doğuran əsas səbəb uzun illərdir yürüdülən işğalçılıq siyasətidir. Düşünürəm ki, Paşinyanın son açıqlaması təqdirəlayiqdir. Lakin onun bu bəyanatında nə qədər səmimi olduğunu zaman göstərəcək. Təşəbbüs olaraq normaldır”.

Zərdüşt Əlizadə: “Bu halda Putin Paşinyana deyəcək ki, artıq gecdir...” –

Politoloq Zərdüşt Əlizadə də AYNA-ya açıqlamasında Paşinyanın son açıqlamasını təqdir edib: “Bilirsiniz ki, 44 günlük müharibədən sonra Ermənistanda oyanış başlayıb. Nəhayət, erməni xalqı başa düşüb ki, işğalçılıq siyasəti onlara fayda gətirmir. Əksinə, ölkəni sosial-iqtisadi fəlakətlərə sürükləyir. Son parlament seçkiləri zamanı erməni xalqı əslində Paşinyana və onun rəhbəri olduğu bloka deyil, sülh siyasətinə dəstək verdi. Paşinyan məğlub dövlətin rəhbəri olaraq yenidən etimad qazandısa, bu, o deməkdir ki, yürütdüyü siyasət sülhpərvər olmalıdır”.

 

“Bir məqamı da unutmaq lazım deyil ki, bu gün Ermənistanda ikitirəlik hökm sürür. Hesab edirəm ki, Paşinyanın məlum açıqlaması həm də əks cinahda dayanan qüvvələrə ciddi mesajdır”, - deyə həmsöhbətimiz söyləyib.

 

Ekspertin sözlərinə görə, bu gün Türkiyədə 80 min nəfər erməni yaşayır: “Özü də pis yaşamırlar. 44 günlük müharibə Ermənistanın həyatında çox şey dəyişdi. Artıq başa düşürlər ki, qonşuluqda Türkiyə adlı dövlət var. Bu dövlət heç də illərdir onlara aşılanan kimi qəddar deyil. Onu da anlayırlar ki, regionda sülhün bərqərar olması üçün müəyyən addımlar atmalıdırlar. Bu xüsusda Türkiyənin də rolunu qiymətləndirirlər. Paşinyanın son açıqlaması müsbətdir. Lakin bu, sözdə deyil, əməldə həyata keçirilməlidir. Ermənistanın, o cümlədən bütövlükdə regionun nicatı münaqişələrə son qoymaqdan, mehriban şəraitdə yaşamaqdan keçir”.

 

Əlizadə əlavə edib ki, Ermənistan iqtidarı bunun ardınca müəyyən güzəştlərə getməli, üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidir: “10 noyabr üçtərəfli bəyanatında kifayət qədər mühüm məqamlar var. Lakin onların çoxu hələ də icra olunmur. Bir məqamı da unutmaq lazım deyil ki, bu gün sülh sazişinin imzalanmasına qarşı olan qüvvələr də var. Onlar hər vəchlə bu prosesə mane olmağa çalışırlar. Bu mənada hər şey Azərbaycan və Ermənistan hakimiyyətlərinin iradəsindən asılı deyil”.

Müəllif: Azər Niftiyev