“Ermənistan regionda kommunikasiyaların açılması qərarında qətiyyətlidir”
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında Ermənistan-Türkiyə münasibətlərindən danışıb. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan Rəsmi İrəvanın Ankara ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu söyləyib.
Ermənistan Baş naziri Türkiyə Prezidenti Rəsəb Tayyib Ərdoğanın daha əvvəl Ermənistanla münasibətlərin tənzimlənməsi ilə bağlı bəyanatlarını xatırladıb: “Həmin bəyanatlarda biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmiryol əlaqələrinin bərpası məsələlərinin müzakirə edilməsi imkanlarını görürük. Biz bu kimi söhbətə hazırıq və bu daha geniş kontekst ala bilər”.
“Əslində söhbət regionun Şimalla Cənub, Şərqlə Qərb arasında yolayrıcına çevrilməsindən gedir. Rusiya da bu prosesə dəstək verməyə hazırdır. Avropa Birliyi, Fransa, o cümlədən ABŞ, Çin və Hindistan da regionda kommunikasiyaların inkişafına maraq göstərirlər. Ermənistan regionda kommunikasiyaların açılması qərarında qətiyyətlidir”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir ötən ay parlamentə təqdim etdiyi beşillik hökumət proqramında da Ermənistan hakimiyyətinin ən vacib fəaliyyət istiqamətlərindən biri kimi qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və tənzimlənməsinin qeyd olunduğunu xatırladıb.
“Yenidən Baş nazir vəzifəsinə seçildikdən sonra ilk səfərimi İran İslam Respublikasına etdim. Bu gün də Gürcüstana gedəcəm. Həm İran, həm Gürcüstanla müzakirələr gündəmində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır", deyə Paşinyan əlavə edib.
Baş nazirin sözlərinə görə, Rusiya və İranla dəmiryol əlaqəsinin yaradılması son dərəcə vacibdir və bu məsələnin həlli üçün üçtərəfli formatda, yəni ki, Ermənistan, Rusiya, Azərbaycan kommunikasiyaların açılması məsələsini müzakirə edir: “Biz öz qərarımızda qətiyik və Bakının da Naxçıvanla əlaqə yaratmaq əzmini anlayaraq konkret nəticələrə çatmaq üçün səy göstərməyə hazırıq”.