Prezident: “Ağdam şəhərini, bütün kəndləri bərpa edəcəyik”

Aktual

24.11.2020 - 12:55

İlham Əliyev: “Biz 44 gün ərzində birlik göstərmişik, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik”

 

“Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək”.

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı deyib.

 

İ.Əliyev qeyd edib ki, necə ki, biz 44 gün ərzində birlik göstərmişik, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik: “Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

 

“Biz qələbəmizi dəmir yumruq hesabına qazanmışıq, düşməni qova-qova və indi durmuşuq öz torpağımızda. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir. Qarabağ Azərbaycandır!”, - deyə ölkə başçısı bildirib.

Müəllif: Ayna.az