Paşinyan - Köçəryan duelində şanslar bərabərləşib: İkinci raund ola bilər

Siyasət

09.06.2021 - 13:10

Nikol qalarsa, Ermənistan Qərbə gedəcək, Robet gələrsə, Şimala – ermənilərin seçimi kim olacaq?

 

Bir anlıq Kremlin tərəfdarı olan bir qüvvənin –keçmiş Prezident Robert Köçəryanın blokunun Ermənistandakı erkən parlament seçkilərində hakimiyyətə gələcəyini və nəhayət, Vladimir Putinin arzusunun reallaşacağını düşünək. Ermənistandakı siyasi hadisələrin bu cür inkişafı Moskvanın qələbəsi sayıla bilərmi, yoxsa bu qələbə “Pirr qələbəsi” olacaq?

 

Nikol Paşinyan Ermənistanın sükanı arxasında qalacaqsa, gec-tez ölkəni Qərbə istiqamətləndirəcək. Və Moskva 2018-ci ildə demokratik qüvvələrin hakimiyyətə gəlməsinə müqavimət göstərə bilmədiyi kimi, buna qarşı bir şey edə bilməyəcək. Hərbi bazalarına, Ermənistanın Rusiyadan tam iqtisadi asılılığına və Ermənistanın siyasi quruluşu üzərində kifayət qədər güclü təsir imkanlarına baxmayaraq.

 

Seçkilərdə qalib gəlsə, Köçəryan Ermənistanı Kremlin orbitində saxlaya biləcəkmi? Bu da şübhəlidir. Erməni cəmiyyəti olduqca qütblü olduğundan, əhalinin kifayət qədər böyük bir hissəsi hakimiyyətdə demokratik qüvvələri görməyə üstünlük verir. Digər tərəfdən, Köçəryana sürətli iqtisadi bir irəliləyiş, böyük maliyyə inyeksiyaları lazımdır, buna sahib deyil və Rusiya da bu yükü öz üzərinə götürə bilmir.

 

Hərbi intiqam yolu qalır. Ancaq erməni ordusu sarsıdıcı bir zərbə aldı və onu bərpa etmək üçün vaxt və pul lazımdır. Çünki Rusiya, əvvəlki kimi, yenə də onlara yeni silahlar verməyəcək, verdiyini isə pay yox, kreditlər və ya bəlkə də bəzi iqtisadi üstünlüklər və ya iqtisadi fəaliyyət obyektləri müqabilində təmin edəcək. Eyni zamanda, Ermənistan Ordusunun həm silah, həm də kadr hazırlığı baxımından Türkiyə sayəsində NATO standartlarına uyğun olaraq yetişdirilən Azərbaycan Ordusu ilə rəqabət etməsi çətin olacaq. Bununla yanaşı, Türkiyə faktoru həm Ermənistan, həm də Rusiya üzərində hər zaman “Damokl qılıncı” kimi asılacaq; NATO-nun ikinci ən güclü ordusuna qarşı çıxmağa cəsarət etməyəcəklər. Bir də Putin dostu əbədi deyil. Eyni zamanda, bu vəziyyətdə Azərbaycan bununla kifayətlənməyəcək, ordusunu gücləndirməyə və modernləşdirməyə davam edəcəkdir.

 

Prezident İlham Əliyevin xarici və yerli media üçün 26 fevral 2021-ci il tarixli mətbuat konfransında dediyi kimi – “Azərbaycan türk ordusunun kiçik bir modeli olacaq bir ordu yaradır”. Türkiyənin milli müdafiə naziri Hulusi Akar bunu təsdiqlədi və Ankara ilə Bakının Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün “Yol xəritəsi”nin tətbiqinə başladığını bildirdi: “Biz Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun olaraq yenidən qurulmasına və modernləşdirilməsinə dəstək verməyə və gələcəkdə iki qardaş ölkənin ordularının birgə fəaliyyətini artırmağa yönəlmiş bir “Yol xəritəsi” hazırladıq və başlatdıq”, - dedi.

 

Paşinyan bloku yenidən parlament seçkilərində qalib gəlsə, ölkəni rusiyapərəst qüvvələrdən və hərbi bazalardan azad etməyə çalışacağı qorxusu var. Müharibədəki sarsıdıcı məğlubiyyətə baxmayaraq, xalqdan mandat alan Paşinyan bu vəzifəni yerinə yetirə biləcək. Çünki Köçəryana “yox” deməklə ermənilər bununla əslində Rusiyaya münasibətlərini bildirirlər.

 

Ancaq bu vəziyyətdə sual yaranır: o zaman Ermənistan özünə düşmən saydığı Türkiyə və Azərbaycana qarşı tək qalmayacaqmı?

 

İşin əsli budur ki, Paşinyan qalib gəlsə, Ermənistan Türkiyə və Azərbaycanla əməkdaşlıq yolunda gedəcək, bütün kommunikasiyalar açılacaq, Ermənistan bütün regional layihələrin iştirakçısına çevriləcək. Paşinyana Ermənistanda “Türk” deyilməsi təsadüfi deyil. Köçəryan, buna baxmayaraq Moskvanın əmri ilə Zəngəzur dəhlizini açmağa getsə də, yenə də millətçi və revanşist meyilləri cəsarətləndirəcək və Rusiya Qarabağ amilindən məharətlə istifadə edərək, müttəfiqi və ortağı arasında tarazlığı davam etdirəcək.

Ermənistanda seçki qütbləşməsi - Qərbin Bakı və Ankara ilə barışıq projesi,  yoxsa...

Seçkilərə iki həftədən az vaxt qalıb və “Gallup” Beynəlxalq Təşkilatının Ermənistan nümayəndəliyinin keçirdiyi anketə görə, bu gün demək olar ki, bərabər sayda potensial seçici Paşinyanın “Vətəndaş Müqaviləsi” və rəqibi Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu dəstəkləyir. Ermənistanda seçkiqabağı təşviqat kampaniyası başlayıb. Mübarizənin ciddi olacağı gözlənilir, hətta ilk raundda qalibin müəyyənləşdirilməməsi də mümkündür. Nəticələr gözlənilməz ola bilər.

 

Köçəryan “şöhrətinə” baxmayaraq, etirazçı seçiciləri və qərarsızların səsini qazana bilər. Siyasi analitik Aleksandr İskəndəryanın “Köçəryanın özünü antinikola çevirməyə bacardığını”, bunun sayəsində “səslərin müəyyən faizini qazana biləcəyini” söyləməsi təsadüfi deyil. Paşinyan kifayət qədər güclü mövqelərə sahib olsa da, olduqca dəyişkən xarici siyasət çağırışlarının təsiri istisna edilə bilməz, xüsusən də Qarabağdakı və ya Ermənistanla sərhəddəki hər hansı bir təxribat vəziyyəti  dəyişə bilər.

 

Ermənistan böyük siyasi dəyişikliklərin astanasındadır və ümid edək ki, seçkilər daha çox sarsıntılara yol açmayacaq.  Azərbaycan üçün hər halda bu heç də sərfəli deyil. Gözləyək ...

Müəllif: Mira Həsənova