Paşinyan İrəvan küçələrində: “Mən heç yerə getmirəm və getməyəcəyəm” - <font color=red> VİDEO</font>

Dünya

25.02.2021 - 15:35

Baş nazir çevriliş cəhdinin idarəedilən olduğunu deyib

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları İrəvanda yürüş keçirməyə başlayıblar. AYNA erməni mediasına istinadən bildirir ki, mitinq-yürüşdə Paşinyanın özü də iştirak edir. Baş nazir səsgücləndirici ilə tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırıb.

 

Paşinyan qeyd edib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək: “Vacib olan odur ki, biz hamımız sakitik, ölkədə bizim düşmənimiz yoxdur. Bu, ən vacib faktordur. Lakin müzakirə olunmalı bəzi məsələlər var, ona görə də insanlar Respublika meydanına gəlməlidirlər”.

 

Yürüş zamanı kənardan səslənən “Ermənistan Silahlı Qüvvələri kimə tabedir” sualına N. Paşinyan “Xalqa və Baş nazirə, başqa variant yoxdur”, - deyə cavab verib. 

 

O, çevriliş cəhdinin idarəedilən olduğunu deyib.

 

Paşinyan ölkəni tərk etməyəcəyini də bildirib: “Mənim ölkəmizi tərk etməyimə dair yayılan xəbərlər informasiya terrorudur. Mən heç yerə getmirəm və getməyəcəyəm. Ailəm də buradadır".

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. Sosial şəbəkələrdə isə Paşinyanın ölkəni tərk etdiyi haqqında informasiyalar yayılıb.

 

Bu arada, Ermənistanın sabiq Prezidenti Robert Köçəryan erməni xalqına müraciət edib. O, xalqı ordunun Baş Qərargahının Baş nazir Paşinyanın istefaya getməsinə dair tələbini dəstəkləməyə çağırıb. 

Müəllif: Ayna.az