“Məlumatları ya Azərbaycan mənbələrindən, ya da “Telegram” kanallarından alırıq”
“Cəmiyyət ümumiyyətlə Ermənistan və Qarabağda baş verən hadisələri ya Azərbaycan mənbələrindən, ya da “Telegram” kanallarından öyrənir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözlər Ermənistanın Media Vəkili Təşəbbüsünün bəyanatında yer alıb.
Təşkilat hesab edir ki, hakimiyyət orqanları vətəndaşları məlumat almaq hüququndan məhrum edir: “Ermənistanda uzun müddətdir ki, informasiya blokadası mövcuddur. Dövlət idarələri vətəndaşlara hesabat verməyi dayandırıb, eyni zamanda, sərhəddəki vəziyyətin təfərrüatları barədə ictimaiyyətə məlumat verilmir. Cəmiyyət Ermənistanda və Qarabağda baş verənləri ya Azərbaycan mənbələrindən, ya da “Telegram” kanallarından öyrənir. Səlahiyyətli şəxslər media terrorizmindən şikayətlənirlər, lakin dürüst deyillər və susqunluqları və ya səhv məlumatlar yaymaları ilə media terrorunu özlərinin yaratdıqlarını etiraf etmirlər”.
“İndiyə qədər səlahiyyətlilər Azərbaycan tərəfinin nə qədər əsir götürdüyünü açıqlamayıblar. Hakimiyyət orqanları böhran vəziyyətinə uyğun hərəkət etmirlər. Səlahiyyətli şəxsləri informasiya blokadasına son qoymağa çağırırıq. Bu günlərdə hakim qüvvədən olan bəzi deputatlar vəziyyətin ciddiliyini dərk etmək əvəzinə jurnalistlərə kinayəli cavab verdilər, məlumat verməkdən imtina etdilər”, - erməni media təşkilatı etiraz edib.
Qeyd edək ki, erməni cəmiyyəti hesab edir ki, ölkəni informasiyasız qoymaq Baş nazir Nikol Paşinyanın göstərişi ilə həyata keçirilir. Sosial şəbəkələrin erməni seqmentində hakimiyyət nümayəndələrinin insanları məlumatlandırmadığını, verilən məlumatların isə yanlış olduğunu yazırlar.