Paşinyan bəyan etdi: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, bura Qarabağ da aiddir”

Aktual

22.05.2023 - 14:29

Baş nazir: "Ümid edirik ki, Azərbaycanla sülh sazişinin mətni üzrə ən qısa zamanda razılığa gəlib imzalayacağıq"

 “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası 1975-ci ildən SSRİ Baş Qərargahının xəritələri əsasında aparılmalıdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, söhbət Rusiya tərəfinin dəfələrlə bəyan etdiyi xəritələrdən gedir: “Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Biz SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə görə delimitasiya tərəfdarıyıq. İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgü prinsipi ilə çıxarılmasında israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək”.

“Sərhədin təhlükəsizliyinin təmin edilməsi sülh sazişinin tərkib hissəsidir. Bakı hərbi təzyiq siyasətini davam etdirir, bununla da danışıqlarda özünə daha əlverişli şərait yaratmağa çalışır. Lakin bu, beynəlxalq öhdəliklərin pozulmasıdır”, - Paşinyan vurğulayıb.

Baş nazir qeyd edib ki, regionda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır: “Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir. Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü - 29800 kv.km-də və müvafiq olaraq 86,600 kv. Km tanınmasına yönəlib. Eyni zamanda, Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq. Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir”.

“Eyni zamanda, mən əminəm ki, Ermənistan Respublikasının təhlükəsizliyinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür. Bu, asan proses olmaqdan uzaqdır, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur, - deyə Paşinyan qeyd edib.

Müəllif: Turan Abdulla