Fazil Mustafa: “Naxçıvanla təcili təyyarə əlaqəsi yaradılmalıdır”
Milli Məclisin bu gün keçirilən iclasında Naxçıvanla gediş-gəlişin bərpa edilməsi, təcili təyyarə əlaqəsinin yaradılmasını təklif edilib. AYNA-nın xəbərinə görə, deputat Fazil Mustafa xatırladıb ki, iki aydan artıqdır Naxçıvanla əlaqələr kəsilib:
“Kiminsə yas mərasimi düşsə belə o, öz əzizinin yasında iştirak edə bilmir. Bu ciddi problem yaradıb. Təsəvvür edin, Türkiyədə dövlət xətti ilə xidmətdə olan 5 zabit, orada işlərini bitirərək Bakıya dönsə də, Naxçıvana gedə bilmirlər. Onların Bakıda qalmağa yerləri yoxdur. Naxçıvanla əlaqənin kəsilməsi artıq ciddi problemə çevrilib”.
Millət vəkili təklif edib ki, Naxçıvanla təcili təyyarə əlaqəsi yaradılmalıdır: “Bunun üçün elanlar verilsin və kimin təcili, təxirəsalınmaz işi varsa getsin. Sonrada bu reyslərin sayını azaltmaq olar. Lakin Naxçıvanla əlaqə mütləq qısa zamanda yaradılmalıdır”.