Parlamentdə dərmanların qiymətindən və keyfiyyətindən narazılıq: “Baha və keyfiyyətsizdir”

İqtisadiyyat

12.11.2021 - 15:06

Əhliman Əmiraslanov: "O dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək mümkün deyil. Həmin dərmanlar çox bahadır”

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Müzakirələrdə bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri iştirak ediblər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Maaş, sosial müavinət və təqaüdlərin artırılması üçün 1 milyard 440 milyon manat maliyyə təminatı yaradılıb

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov bildirib ki, təsdiq olunmuş proqnoza nisbətən 2022-ci ildə xərclər 1 milyarddan çox artacaq: “Erməni işğalçılarının talan etdiyi kənd qəsəbə və şəhərlərin yenidən qurulması, mədəni tarixi abidələrin bərpası istiqamətində başlanılan işlər bu gün sürətlə davam edir. Bu işlərin fasiləsiz təmin edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Eyni zamanda, işğaldan azad olunmuş yerlərdə hərbi hissələrin yerləşdirilməsi və qələbədən sonra bərqərar olan sərhədlərimizin qorunması üçün o ərazilərdə ictimai iaşə yerlərinin açılması üçün büdcədən vəsait ayrılması nəzərdə tutulur. Həmin ərazilərdə qulluq edən hərbi qulluqçuların, hərbçilərin maaşlarının artırılması, sosial rifahının yaxşılaşdırılması üçün əməyin ödənişi fondu üçün nəzərdə tutulan vəsait artırılacaq. Müdafiə xərclərinin tərkibində Azərbaycan Ordusunun hərbi qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən proqramlar da davam etdirilməkdədir”.

“Son 3 ildə əməyin ödənişi xərcləri 1,8 dəfə artıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq gələn il ölkədə əməkhaqlarının, sosial müavinətlərin, təqaüdlərin artırılması üçün 2022-ci ilin dövlət büdcəsində vəsait nəzərdə tutulub. Bu tapşırığın həyata keçirilməsi üçün dövlət büdcəsində 1 milyard 440 milyon manat məbləğində maliyyə təminatı yaradılıb”, - deyə nazir qeyd edib.

Deputat: “Aliment Fondu yaradılsın, atalıq məzuniyyəti ödənişli olsun”

Milli Məclisin sədr müavini Fəzail İbrahimli bildirib ki, iqtisadi inkişafımız olmasaydı, qələbəmiz də olmazdı: “Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri ilə torpaqlarını 30 illik işğaldan azad etdi. Bu qələbənin arxasında dövlətin uzunillik fəaliyyəti dayanır. Əgər indiyə qədər bu cür iqtisadi inkişafımız, bu cür büdcəmiz olmasa idi, bu qələbəmiz də olmazdı”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təklif edib ki, Aliment Fondu yaradılsın. Hüseynova söyləyib ki, Aliment Fondu büdcəyə yük olmayacaq: “Təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir. Onu da deyim ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır. Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun”. Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır: “Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər”.

Komitə sədri: “Elə klinikalar var ki, orada bəzi tibbi avadanlıqlar ya dayanıb, ya dayanmaq üzrədir”

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, səhiyyə xərcləri son 5 ildə 2,5 dəfə artıb və növbəti ildə nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən yüksək xərcidir: “Ölkəmizdə icbari tibbi sığortanın həyata keçirilməsinə mane olan əsas faktor dünyada baş verən pandemiyadır. Buna baxmayaraq, bu sahədə kifayət qədər uğurlarımız olub”.

“İcbari tibbi sığortanın həyata keçirilməsi üçün səhiyyə üzrə dövlət proqramları icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Çünki dövlət büdcəsindən ayrılan vəsait də o zaman icbari tibbi sığortaya keçəcək. Bu iş başlayıb və bunu davam etdirmək lazımdır. Bizi narahat edən digər məsələ odur ki, icbari tibbi sığortanın xidmətlər zərfində bu gün 2500-dən çox xidmət var, ancaq bir çox xəstəlik üzrə xəstələr uzun müddət növbə gözləyir. Əgər bu maliyyə çatışmazlığı ilə bağlıdırsa, xahiş edirəm bunu da nəzərə alasınız”, - Ə.Əmiraslanov söyləyib.

“Elə klinikalar var ki, orada bəzi tibbi avadanlıqlar ya dayanıb, ya dayanmaq üzrədir. Bu növbəti ildə nəzərə alınsa, yaxşı olar. Eyni zamanda, tibbi tədqiqatlara ayrılan vəsait artırılsa, yaxşı olar. Tibb sahəsində elmi tədqiqatlara daha çox vəsait ayrılmasını nəzərdə tutmaq lazımdır”, - deyə komitə sədri əlavə edib.

“Bu gün bizdə olan dərmanlar qonşu ölkələrlə müqayisədə bahadır”

Ə.Əmiraslanov çıxışı zamanı dərmanların qiymətindən və keyfiyyətindən şikayətlənib. Qeyd edib ki, bu gün dərmanlarla bağlı problem bütün əhalini narahat edir: “Apteklərdə olan dərmanların həm keyfiyyəti həm də qiyməti əhalidə narahatlıq doğurur. Bu gün bizdə olan dərmanlar qonşu ölkələrlə müqayisədə bahadır. Digər tərəfdən, bu gün dünyada onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir dərman vəsaitləri tətbiq edilir. Bu dərmanlar onkoloji xəstələrə hava su kimi lazımdır. O dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək mümkün deyil. Həmin dərmanlar çox bahadır. Bu gün o dərman preparatlarından bir doza belə Azərbaycanda alınmır. Kimsə gətirirsə də, öz vəsaiti hesabına gətirir”.

Deputat: “Bir-birini təkrarlayan elmi institutlar birləşdirilməlidir”

“Tələbələrin təkcə təhsil xərcləri deyil, eyni zamanda ehtiyacları da nəzərə alınsa, yaxşı olar. Aztəminatlı ailələr üçün tələbə krediti sistemində tələbələrin ehtiyacının də nəzərə alınması lazımdır. Digər tərəfdən, bizim rayon və kəndlərimizdə bəzi məktəblərin yenidən qurulmasına çox böyük ehtiyac var”, deyən Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, elm xərcləri ilə bağlı siyasət bütövlükdə dəyişdirilməlidir: “Ölkədə oxşar olan, bir-birini təkrarlayan elmi institutlar birləşdirilməlidir. Gələcəkdə elmi tədqiqat mərkəzləri olaraq universitetlərin fəaliyyətinə diqqəti artırmaq lazımdır. Elmi tədqiqatlar sahəsində istisna kimi müdafiə sənayesi sahəsində aparılan elmi tədqiqatları göstərə bilərik”.

“Bu sahəyə ayrılan 7 milyon manat çox azdır”

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, mədəniyyət nümayəndələrinin bir sıra təklifləri var ki, bunun büdcədə nəzərə alınmasını xahiş edirlər: “Bu gün kino sahəsinə dəstəyin artırılmasına çox böyük ehtiyac var. Bizim tariximizlə bağlı yüksək səviyyəli kinoların, serialların çəkilməsinə, dünyaya çatdırılması lazımdır. Hesab edirəm ki, bu sahəyə ayrılan 7 milyon manat çox azdır. Osman Sınav Azərbaycana gəlmişdi, Azərbaycan və Türkiyə tarixindən bəhs edən film çəkməyi təklif etdi. Büdcəsinin yarısını Türkiyə tərəfi qarşılayırdı. Bizim payımıza düşənə baxanda isə gördük ki, bu bizim kinoya ümumi ayrılan puldan çoxdur. Digər tərəfdən, dünyada mədəniyyətimizi təmsil edən insanların əsas problemi evlə bağlıdır. Mədəniyyətdə müəyyən sahələrdə xidmətləri olan insanların güzəştli ipotekadan yararlanmasına şərait yaradılsın”.

“Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərin keçirilməsi üçün daha çox vəsait ayrılmasına ehtiyac var. Onu da bildirim ki, bu il Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Mədəniyyət nümayəndələri Aşıq Ələsgərin heykəlinin qoyulmasını xahiş edirlər. Belə bir abidə onun 200 illik yubileyinə yaxşı olardı”, -deyə Paşayeva vurğulayıb.

“Bağçalarda işləyən müəllimlər cəmi 200-250 manat maaş alır”

Deputat Məlahət İbrahimqızı söyləyib ki, millət vəkillərinə təqdim olunan hesabatlarda inflyasiyanın 4 faiz olacağı göstərilir: “Gələn il nəzərdə tutulan artımın qeyd olunan inflyasiyaya cavab verib-verməyəcəyinə aydınlıq gətirilməsini istəyirəm”.

“Təklif edirəm ki, məktəbəqədər təhsil Təhsil Nazirliyinin tabeliyinə verilsin. Azərbaycanda yeni uşaq bağçalarının açılmasına ehtiyac var. Rayonlarda, Bakıda özəl bağçalar açılır, ancaq çoxu da bağlanır. Burada vergi çox yüksəkdir. Uşaq bağçaları və psixoloji uşaq mərkəzlərinə ehtiyac çoxdur. Mümkündür ki, uşaq psixoloji reabilitasiya mərkəzləri yaradılsın. Eyni zamanda, uşaq bağçalarında yoxlamalarla bağlı cərimələr həddindən artıq yüksəkdir. Bağçalarda işləyən müəllimlər cəmi 200-250 manat maaş alır. Bu cərimələr təyin olunanda maaş da nəzərə alsın”, - deyə İbrahimqızı qeyd edib. Millət vəkili təklif edib ki, müharibə veteranlarının istifadə edəcəyi bütün xidmətlər icbari tibbi sığortada pulsuz xidmətlər zərfinə daxil edilsin.

Nazir: “XİN-dən təklif edilib ki, diplomatlarımız xaricdə çalışanda onların həyat yoldaşlarına da maaş verilsin”

Deputatların təklif və suallarına cavab verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, qlobal borclanma səviyyəsi bu gün qlobal ÜDM-in 100 faizinə bərabərdir: “Azərbaycanda isə bu göstərici olduqca aşağıdır. Kifayət qədər dayanıqlı borc vəziyyətimiz var. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirir. Hökumətə daim tapşırığı ondan ibarətdir ki, dövlət borcu idarəolunan səviyyədə olsun. Biz xarici dövlət borcunu azaltmalıyıq. Daxili borclanma daxili maliyyə bazarlarının inkişafına müsbət təsir edən amildir”.

“Xərclərin artırılmasına çox ehtiyatla yanaşılmalı, büdcə xərclərinə nəzarət gücləndirilməlidir. Ortamüddətli xərclərlə bağlı dəyişikliyə gediləcək. Bu, sosial-iqtisadi inkişaf strategiyasının qəbul olunması ilə bağlı olacaq”, - deyə nazir vurğulayıb.

S.Şərifov qeyd edib ki, Xarici İşlər Nazirliyindən onlara təkliflər daxil olub: “Təklif edilir ki, diplomatlarımız xaricdə çalışanda onların həyat yoldaşlarına da maaş verilsin. Söhbət əsasən qadınlardan gedir. Bu kimi məsələlər hökumətin gündəliyindədir. Eyni zamanda, atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı məsələ də diqqətdədir”.

Müəllif: Anar Bayramoğlu