Pandemiya həyat tərzimizi dəyişəcəkmi: <font color=red> Torpaq bizi çağırır</font>

Cəmiyyət

15.04.2020 - 13:42

Və ya koronavirus şəhərətrafı daşınmaz əmlak bazarına necə təsir göstərəcək?

 

Uzun müddət özünü təcrid etmək, dörd divar arasında oturmaq psixoloji baxımdan ciddi bir sınaqdır. Buna görə bağ evi olan paytaxt sakinlərinin əksəriyyəti şəhəri tərk etməyə üstünlük verdi. Bağda gəzişmək paytaxtdakı evin balkonundan tamaşa etməyə nisbətən karantin dönəmini daha rahat edir.

 

Belə şəraitdə daşınmaz əmlak bazarında hansı proseslərin gedəcəyi maraq doğurur. Məsələn, mövcud vəziyyət torpağa və bağ evlərinə tələbatın artmasına səbəb olacaqmı?

 

AYNA-ya şərh verən Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev hesab edir ki, bağ evlərinə tələbat artacaq: “Gələcəkdə torpaq və şəhərətrafı daşınmaz əmlaklara tələbat səbəbindən qiymət artımı başlayacaq. Getdikcə daha çox ailə şəhərdən kənarda yaşamağa meyillənəcək. İstəyəcəklər ki, övladları təmiz, çirklənməmiş hava ilə nəfəs alsın, tərəvəz, meyvə, çiçək yetişdirib, dinc və sakit həyatdan həzz ala biləcəkləri bağları olsun”.

 

“Bununla yanaşı, rusiyalı həkimlər insanlara karantin rejimi müddətində bağ evlərində qalmamağı tövsiyə edirlər. Çünki tibbi yardım bağ evlərindən xeyli uzaq ola bilər. Ancaq bizdə ərazi o qədər böyük deyil və təcili yardım stansiyalarımız bağ evlərindən o qədər də uzaqda yerləşmir. Bu mənada Azərbaycanda bağ evlərində yaşamağın heç bir problem ola bilməz. Üstəlik, indi Abşeronun bağ yerlərində rahat yaşayış üçün zəruri olan infrastruktur mövcuddur”, - həmsöhbətimiz bildirib.

 

“MBA Group” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov isə AYNA-ya açıqlamasında, hazırda əmlak bazarının koronavirus pandemiyası səbəbindən dayandığını qeyd edib: “İndi insanlar xəstələnməkdən daha çox narahatdırlar və bahalı alış-veriş etməyə hazır deyillər. Əvvəldən bağ evləri olan insanlar bu dönəmi orada keçirməyi üstün tuturlar. Karantin uzadılsa, şəhərətrafı daşınmaz əmlak almaq istəyənlərin sayı arta bilər. Son vaxtlar əksəriyyət Bakıda daşınmaz əmlak almağa üstünlük verirdisə, bəlkə də yaxın gələcəkdə insanlar bölgələrdə olan torpaqlarla maraqlanacaqlar. Öz torpaqlarında özlərini qida ilə təmin etmək daha asandır, bununla yanaşı, daha az adam var, bu da pandemiyada daha təhlükəsizdir. Təbii ki, tələbatın artması qiymətlərin də artmasına rəvac verəcək”.

 

Əmlak eksperti Rəşad Əliyev isə koronavirus pandemiyasının, məcburi karantinin böyük ölçüdə şəhərdən kənara meyillənmələrə yol açacağına inanmır: “Belə ki, paytaxtda bir neçə yüngülvari zəlzələ baş verdi, lakin bu, paytaxt sakinlərini köhnə binalarını yeni tikililərlə əvəzləməyə məcbur etmədi. Bu vəziyyətdə sonuncu daha təhlükəsiz olsa da, onlar buna getmədilər. Koronavirus vəziyyətində isə, hər şey normal hala gəldikdə, əksər insanlar yaşadıqları yerdə də yaşamağa davam edəcəklər. Cüzi bir faiz - gələcəkdə bu və ya ən pis ssenarinin baş verəcəyinə inananlar təcili olaraq şəhərətrafında özlərinə evi almağa qərar verəcək”.

 

Müsahibimiz bağ evlərinin qiymətində ciddi artım da proqnozlaşdırmır: “Bu, çətin satılan əmlakdır. Bir qayda olaraq, bağ evləri işləri yolunda getməyən vətəndaşlar tərəfindən satılır, onlar ümid edirlər ki, satıb şəhərə köçəcəklər. Onu da çox çətin satırlar. Qiymətlərlə bağlı hər hansı bir proqnoz vermək çətindir. Bu cür mənzillərin dəyərinin aşağı düşməsi baş verə bilər, amma təkliflərin bolluğuna görə deyil, bazarda vəziyyətə görə qiymət dəyişə bilər. Yaz mövsümündə şəhərətrafı daşınmaz əmlakın qiymətləri hər il artır, amma bu il hər şeyin hansı ssenaridə inkişaf edəcəyi hələ məlum deyil. Ehtimal ki, koronavirus epidemiyası aradan qalxsa, qiymət artacaq, amma vətəndaşlar bu yay vətəni tərk etməməyə qərar verirlər. Bu zaman daxili turizm populyar olacaq. Karantin yaya qədər uzadılsa və insanlar mənzillərdə oturmaqdan yorulsalar, bağ evlərinin kirayəsinin qiymətində artım ola bilər”.

Müəllif: Elya Belskaya