Öz hüququnu bilməyən Ombudsman başqasının hüququnu necə qoruyacaq – <font color=red> RİTORİK SUAL</font>

Aktual

24.08.2020 - 14:09

Nə tökərsən aşına, o da çıxar qaşığına: Hüquq pozuntularına öyrəncəli olmuş müvəkkil yenə adəti üzrə susur

 

Karantin qaydalarının kobud şəkildə pozulması ilə keçirilən toy məclisində iştirak edən şəxslər cərimələnib. Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və onun həyat yoldaşı Aysel Adıgözəlzadə, millət vəkili Siyavuş Novruzov, Bakı Dövlət Universitetin sabiq rektoru Abel Məhərrəmov, Ombudsman Səbinə Əliyeva 400 manat məbləğində cərimləniblər.

 

Hərçənd, mən hesab edirəm ki, Siyavuş Novruzov daha yüksək məbləğdə cərimələnməli idi. Çünki, o, karantin qaydalarını pozan şəxslərin daha sərt formada cəzalanmasını, cərimələrin artırılmasını təklif etmişdi. Lakin, nəzərə almaq olar ki, Siyavuş Novruzovun Ombudsman xanımı Səbinə Əliyeva da 400 manat məbləğində cərimələnib. Yəni ki, bir evdən 800 manat məbləğində cərimə çıxıb. Bu mərəkədən ən böyük dərs elə Siyavuş Novruzova düşüb.

 

Bir dəqiqə, bir dəqiqə... Mən nə dedim? Millət vəkili və Ombudsman cərimlənib? Bu ki, açıq-aşkar qanun pozuntusudur.

 

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 6-cı maddəsi “Müvəkkilin toxunulmazlığı” haqqındadır. Bu maddənin 1-ci bəndində qeyd olunur: “Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır”. Həmin maddənin 2-ci bəndində yazılır: “Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Respublikası Baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir”.

Konstitusiya - ŞƏMKİR RAYON Icra Hakimiyyəti

Təkrar: “Onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz”. Bəs konstitusion hüququna əsasən, belə bir toxunulmazlığı olan millət vəkili və Ombudsman necə cərimələnə bilir? Belə olan halda, Ombudsman niyə heç bir formada etiraz etmir? O, bu cərimə ilə bağlı məhkəməyə şikayət verə bilər. Toxunulmazlıq hüququnun pozulduğunu göstərə və hətta, təzminat ala bilər. O, həm millət vəkili olan həyat yoldaşı Siyavuş Novruzovun, həm də özünün hüquqlarını qorumalıdır. Yerli məhkəmə orqanları şikayəti təmin etməzsə, onun bu barədə Avropa Məhkəməsinə də şikayət vermək hüququ var.

 

Bəs, Ombudsman niyə susur? Özünün və ailə üzvünün tapdalanmış hüququnu qoruya bilməyən hüquq müvəkkili xalqın hansı hüququnu və necə qoruya biləcək ki? Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir məsəli, öz hüququnu qoruya bilməyən müvəkkilə vətəndaşlar necə öz hüquqlarını etibar etsinlər?

 

Əslində, millət vəkilinin və Ombudsmanın bu kobud qanun pozuntusuna səssiz yanaşmalarının, etiraz edə bilməmələrinin səbəbləri məlumdur. Bu, barədə bizə bütün həqiqətlər aydındır. Amma yenə də Ombudsmanın bu məsələ ilə bağlı şəxsi mövqeyini bilmək istərdik.

 

Onlar yaşadıqları ölkədə insan hüquqlarının kobud formada pozulduğunu yaxşı bilirlər. Siyavuş Novruzov millət vəkili, Səbinə Əliyeva insan hüquqları üzrə müvəkkil olduğu halda, bütün bunlara heç vaxt səsini çıxarmayıblar. Nə tökərsən aşına, o da çıxar qaşığına məsəli, indi də öz hüquqları pozulur, amma bu hüquq pozuntularına öyrəncəli olmuş müvəkkil yenə adəti üzrə susur.

 

Ancaq biz Səbinə Əliyevanın və Siyavuş Novruzovun indiyə qədər susduğu hüquq pozuntularına səsimizi çıxardığımız kimi, Səbinə Əliyevanın və Siyavuş Novruzovun öz hüquqlarının pozulmasına da səsimizi çıxarırıq. Qanun qarşısında şah da nökərdir. (Haşiyə - bütün atalar sözləri və məsəllər Ombudsmana necə də uyğun gəlir). Əgər Səbinə xanım Əliyeva öz hüquqlarını bilmirsə, onu öz hesabımıza vəkillə də təmin edə bilərik. Xahiş və tələb edirik ki, Ombudsmanın hüquqları bərpa olunsun!

Müəllif: Orxan Bahadırsoy