“Oxatan bürcü”, Xəzər kürüsünün qoxusu və analoqsuz erməni məntiqi

Maraqlı

29.08.2020 - 15:00

Futbolçu Streltsov barədə filmə pul buraxmaq azərbaycanlıların nəyinə lazımdır?

 

Rusiyanın “Birinci kanal”ında "Rusiya Pelesi" ləqəbli məşhur sovet futbolçulardan biri Eduard Streltsova həsr olunmuş "Oxatan bürcü" serial filminin nümayişi başlayıb. Moskvanın "Torpedo" klubunda oynayan Streltsov 18 yaşında artıq SSRİ çempionatının ən yaxşı bombardiri oldu, 20 yaşında isə Əməkdar idman ustası adını aldı.

 

Yüksək texnikaya sahib, dabanı ilə dəqiq ötürmələr edə bilən Streltsovu parlaq bir idman karyerası gözləyirdi, amma sonrakı taleyi heç də ürəkaçan olmadı. 1958-ci ildə 20 yaşlı bir qıza təcavüz etmək ittihamı ilə həbs edildi. Birbaşa sübutların olmamasına baxmayaraq, Streltsov günahkar bilinərək 12 il azadlıqdan məhrum edildi. 5 ildən sonra sərbəst buraxıldı və "Torpedo"da çıxışını davam etdirdi, lakin əvvəlki illərdə olduğu kimi parlamadı və karyerasını 1970-ci ildə başa vurdu.

 

Streltsovun, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyanın mühüm rol oynadığı intriqaların qurbanına çevrildiyi güman edilir. 8 dekabr 1956-cı ildə Melburndakı Olimpiya Oyunlarında futbol turnirinin yarımfinalı zamanı Streltsov SSRİ komandasını finala çəkib çıxardı. Lakin Moskvadan gələn sifarişlə Streltsovun əvəzinə final oyununa Nikita Simonyan çıxdı. O dövrün qaydalarına görə, əvəzlənmələr nəzərdə tutulmurdu, amma Mikoyanın SSRİ Olimpiya komandasının məşqçisinə zəngi məsələni həll etdi.

Кто "заказал" Эдуарда Стрельцова

"Oxatan bürcü" filmində Streltsovun tərcümeyi-halında bu faciəli epizoda da toxunulması sosial şəbəkələrdə ermənilərin bərk hay-küyünə səbəb olub. Günahkar isə azərbaycanlılardır...

 

Belə ki, istifadəçi Vardan Qriqoryan filmin yaradıcılarının erməniləri Mikoyanın timsalında neqativ şəkildə təqdim etməsindən narazılığını bildirdi. “Nədənsə, Rusiyanın “Birinci kanal”ında nümayiş olunan bu filmi kimin maliyyələşdirə biləcəyinə şübhəm yoxdur. Bu filmdən mazut və Xəzər kürüsünün qoxusu gəlir. Axı, ermənilər hər fürsətdə qaralanmalıdırlar", - deyən Qriqoryan, serialın rejissorlarından birinin Rusiya Kinematoqrafçılar İttifaqının Azərbaycan mənşəli üzvü Rauf Atamalibekov olduğuna işarə etdi.

 

Qriqoryanın həmyerlisi Sarkis Tumanyan yazır: "Dünən Mikoyanın zəngi ilə bağlı bu görüntüləri izləmək xoşagəlməz idi".

 

Müzakirənin digər iştirakçıları, hətta, “Birinci kanal”a etiraz petisiyası göndərmək təşəbbüsü ilə çıxış etdilər.

 

Ermənilərin filmə belə münasibətini görəndə, onların adekvat olub-olmamaları barədə bir daha düşünmək lazım gəlir. Axı, Mikoyanın Streltsovun karyerasına müdaxiləsi faktı bir çox məşhur insanlar tərəfindən təsdiqlənib. Məsələn, "Tam məxfi" qəzetinin jurnalisti Eduard Maksimovski qeyd edir ki, KGB podpolkovniki Vladimir Kalyadin ona Streltsov işini təqdim etmiş və verilən sənədlərin içərisində Anastas Mikoyan və SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqanin arasında Streltsovu olimpiya turnirinin finalında əvəzləmək barədə söhbətin stenoqramı yer almışdı. İndi, ermənilərin məntiqinə görə, bu həqiqəti hələ 2012-ci ildə yayan Maksimovski Azərbaycan təbliğatı üçün çalışır?

 

Görəsən, sosial şəbəkələrin erməni istifadəçiləri yuxarıda adı çəkilən azərbaycanlı Rauf Atamalibekovun 2005-ci ildə çəkdiyi “Frunzik Mkrtçyan. Yalnızlıq hekayəsi” sənədli filminin prodüseri olduğunu bilsələr, necə reaksiya verəcəklər? Ayrıca, həmyerlimiz Fuad Atamalibekov Frunzik Mkrtçyan haqqında bu filmi hazırlayan “United Multimedia Projects” film şirkətinin baş direktoru və həmtəsisçisidir. Maraqlıdır, burada da mazut və Xəzər kürüsünün qoxusu gəlirmi?

Müəllif: Asif Aydınlı