“Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirilib

Xəbərlər

25.06.2020 - 15:09

Konfransda, müharibə başlayacağı təqdirdə ordumuzun qalib gələcəyinə qəti əminlik bildirilib

 

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə "Ordumuz qürurumuzdur" başlıqlı onlayn formatda beynəlxalq videokonfrans keçirilib. AYNA xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Ukrayna, Gürcüstandan da ehtiyatda olan azərbaycanlı hərbçilər, alimlər, jurnalistlər, ictimai xadimlər, diaspor təşkilatı rəhbərləri, gənc fəallar və digər şəxslər iştirak ediblər.

 

AVH İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov konfransın məqsədindən danışıb, Silahlı Qüvvələrimizin keçdiyi şərəfli tarixi inkişaf yolu ilə bağlı maraqlı fikirlərin səslənəcəyinə, ordumuzun daha güclü olması üçün dəyərli təkliflər eşidəcəyinə ümidvar olduğunu bildirib.

 

Tarix elmləri doktoru, hərb tarixinin araşdırıcısı Mehman Süleymanov maraqlı məruzə ilə çıxış edərək, Azərbaycan Ordusunun yaranma və inkişaf tarixi barədə konfrans iştirakçılarını məlumatlandırıb. O, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründəki ordu quruculuğundan, Qafqaz İslam Ordusundan bəhs edib, hazırda Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da gücləndiyini xüsusi vurğulayıb. Mehman Süleymanov Müdafiə naziri Zakir Həsənovun çıxışlarında səsləndirdiyi – “Ordumuz üzərinə düşən bütün vəzifələri ən yüksək səviyyədə yerinə yetirməyə hazırdır!” fikrinin həqiqət olduğunu bildirib.

 

ADPU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov məruzəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən keçirilən irimiqyaslı təlim, yoxlama və digər tədbirlərdən bəhs edib. O həm də ordumuzun müasir dövrün tələbinə uyğun ən mürəkkəb hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu bildirib. T.Cəfərov çıxışında, bütün bunların ordumuzun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığının göstəricisi olduğunu xüsusi vurğulayıb.

 

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, istefada olan polkovnik Əzizağa Qənizadə ordumuzun kadr potensialından, kadr hazırlığından söz açıb, Respublikamızda bu işin yüksək peşəkarlıqla təşkil edildiyini söyləyib. Ordunun idarə edilməsi, əməliyyat hazırlığı məsələlərinə də toxunan polkovnik Qənizadə çıxışının sonunda xalqa səslənərək, müharibə başlayacağı təqdirdə ordumuzun qalib gələcəyinə qəti əmin olduğunu bildirib.

 

Konfransa ABŞ-dan qoşulan tarixçi-alim, Azrəbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş Saleh Kazımov Azərbaycan Ordusunun müstəqilliyimizin qarantı olduğunu xüsusi vurğulayıb, hərbi qulluqçuların işinin çətin və şərəfli olduğunu, ordumuzla fəxr etdiyini söyləyib.

 

Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev ölkəmizdə hərbi təhsilin təşkilindən, milli zabit kadrlarımızın hərb elminə verdiyi töhfədən danışıb, Müdafiə naziri Zakir Həsənovun ordumuzun döyüş hazırlığı və ruhunun yüksək səviyyədə olması ilə bağlı fikirlərinə şərik olduğunu bildirib.

 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Əfqan Vəliyev AXC dövründə ordu quruculuğun çətinliklərindən, gənc milli ordumuzun uğurlu əməliyyatlarından ətraflı bəhs edib, bugünkü Azərbaycan ordusunun babalarının şərəfli yolunu davam etdirdiyini bildirib. Ə.Vəliyev həm də müasir dövrdəki ordu quruculuğuna yüksək qiymət verib, çoxlu yeni hərbi marşların yazılmasını, işğal olunmuş torpaqlarla, şəhidlərimizlə bağlı mediada, orta və ali məktəblərdə geniş təbliğat işlərinin aparılmasını, sosial şəbəkələrdə videoroliklərin yayılmasını təklif edib.

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 2016-cı ilin aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycanın siyasi, hərbi, diplomatik və s. istiqamətlərdə qazandığı uğurlardan bəhs edib, ordumuzun işğal olunmuş Vətən torpaqlarını azad etməsinin vacibliyini xüsusi vurğulayıb və bunun tezliklə baş tutacağına inandığını bildirib.

 

Çıxışına "Mən Prezidentin əsgəriyəm!"- deyərək başlayan Qarabağ Qazisi Ədalət Məhərrəmov da silah-sursat, hərbi hazırlıq, mənəvi-psixoloji baxımından üstün olan Azərbaycan Ordusunun tezliklə torpaqlarımızı işğaldan azad etməsinin vacibliyini vurğulayıb.

 

Azərbaycan Hərb Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülşən Hüseynova ordumuzun silah-sursat, maddi-texniki təminatının yüksək səviyədə olduğunu bildirib, cəbhə xəttində ordumuzun uğurlu əməliyyatlarından danışıb.

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni rəhbərlik etdiyi qurumun orduyla bağlı həyata keçirdiyi tədbirlər haqda məlumat verib, burada irəli sürülən təklifləri dəstəklədiyini bildirib.

 

Daha sonra Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan disapor təşkilatının sədri Kəmaləddin Ağayev, Qazi İslam Əzimov, AVH-nin İdarə Heyətinin üzvləri Aydın Allahverdiyev, Mübariz Göyüşlü, Vüsal Hətəmov, Məclis üzvü Ceyhun Bayramlı, Qarabağ qazisi, ehtiyatda olan zabit, Tarix Araşdırmaları Qurumunun həmtəsisçisi Bəşir Əliz, ekoloq-yazar Vüsal İbrahimli, AVH təmsilçiləri Asim Kazımlı, Anar Atakişiyev və başqaları mövzuyla bağlı çıxışlar edib, maraqlı təkliflər səsləndiriblər. Sonda konfrans iştirakçıları bu cür tədbirlərin müntəzəm keçirilməsinin, Orduya ictimai dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıblar.

Müəllif: Ayna.az