“O məmurların qulaqlarını divara mismarlamaq lazımdır” – <font color=red> DEPUTAT</font>

Cəmiyyət

16.03.2021 - 16:58

Vətəndaşların problemlərinin yerində və vaxtında həll ediləcəyi günü nə vaxt görəcəyik?

 

Azərbaycanda dövlət qurumlarının vətəndaşların problemlərini yerindəcə həll etməməsi heç vaxt aktuallığını itirməyən problemdir. İş gərək böyüyə, daha yuxarılara gedib çıxa ki, məsələ həllini tapa.

 

Məsələn, narazı şəhid ailələrinin istəklərini qurumlar eşitmədi deyə şəhid məzarlarının Yasamala köçürülməsi problemi bir neçə müddət gündəmdə qaldı. Yaxud hərbçilərin maaşlarına əlavələrin edilməsi  jurnalistlərin məsələni işıqlandırmasından, böyük səs-küydən sonra öz həllini tapdı. Siyahını xeyli uzatmaq olar.

 

Milli Məclisin deputatı Aqil Abbas hesab edir ki, problemlərin yerindəcə həllini tapmamasının yeganə səbəbi məmurların yerində olmamasıdır. “Məsələn, şəhidin harada dəfn olunması məsələsi icra hakimiyyətinin səlahiyyətində deyil. Həmin məsələdə hamı icra hakimiyyətini günahkar saydı. Müdafiə nazirinin yerində olmamasının nəticəsi idi ki, şəhid ailələrini o vəziyyətə çatdırmışdılar. Müharibənin bitdiyi beş aydır, amma qazilər hələ də əlillik dərəcəsini ala bilmirlər. Bu, məmurların yerində olmaması və işlərinə olan biganəliyinin nəticəsidir”, - deyə o, AYNA-ya bildirib.

Deputatdan həmkarlarına etiraz:     “Nə ilə, Alış?!”

Millət vəkili hesab edir ki, hər bir işə Prezident qarışmalı deyil: “Əgər hər bir işə Prezident qarışacaqsa, o zaman bütün nazirlər vəzifədən getsin, Prezident həm də nazirlik vəzifələrini icra etsin. Yerində olmayan məmurların qulaqlarını divara mismarlamaq lazımdır. Onları vəzifədən çıxarıb atmaq lazımdır ki, niyə bu şəraiti yaradırlar? Niyə əlillik dərəcləri gecikir? Niyə qazilərin problemləri həll olunmur?!”.

 

“Mən tez-tez rayonlarda oluram. Hər bir məsələni icra hakimiyyətinin üstünə atırlar. Kommunnal xidmətlərdən başqa heç bir idarə icra hakimiyyətinə daxil deyil. Bu işdə əsas məsuliyyət müvafiq icra orqanlarının – Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərindədir. Hərbi hospital tam sağalmayan xəstəni evdə müalicəyə göndərir. Evdə bunlar nə ilə müalicə olunsunlar?  Hələ heç pensiyaları da təyin olunmayıb. Müalicələrinə hansısa təşkilat, qohum-tanış, xeyirxah insanlar kömək edir. Niyə qohum-qonşu kömək etməlidir? Xəstə tam sağalmamış niyə onu hospitaldan evə göndərirlər?  Yerində olmayan məmurlar üzündən o qədər problemlər var ki, saatlarla bu problemlərdən danışmaq olar”, - deyə A.Abbas fikrini yekunlaşdırıb.

Natiq Cəfərli: “Banklar çətin vəziyyətə düşmək istəmirlər”

Respublikaçı Alternativ Partiyanın (REAL) Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərlinin AYNA-ya dediyinə görə isə, bu, idarəetmə sisteminin özündən qaynaqlanan problemdir: “Bəzi hallarda təşəbbüskarlıq olmadığına görə, bəzi hallarda unutqanlıq səbəbindən bunlar baş verə bilər. Bəlkə də, 2021-ci ilin büdcəsinin müzakirəsi zamanı hərbçilərin maaş məsələsi gözdən qaçıb, nəzərə alınmamışdı. Çox qısa zamanda da həll edilməsi mümkün ola bilərdi ki, Maliyyə Nazirliyi müraciət etsin, Nazirlər Kabineti və Müdafiə Nazirliyi birgə bu məsələ həllini tapsın. Sadəcə olaraq dövlət qurumlarında, idarələrdə, məmurlarda təşəbbüskarlıq çox aşağı səviyyədədir”.

 

“İctimai nəzarət funksiyaları çox zəif olduğuna görə, ancaq media və sosial şəbəkələr vasitəsilə bu məsələləri işıqlandıranda bu məsələlər daha yuxarı instansiyalara – Prezidentin özünə, köməkçilərinə çatır, yalnız ondan sonra bu məsələnin araşdırılmasına başlanılır. Halbuki idarəetmə sistemi elə qurulmalı idi ki, yaranmış problemlər gündəlik iş rejimində həllini tapsın. Çox təəssüf ki, bu sahədə problemlər var”, - həmsöhbətimiz bildirib.

 

Cəfərli parlamentdə də problemlərin olduğunu söyləyib: “Bu məsələlər parlamentdə qaldırılıb, ciddi müzakirə olunmalı, siyasi partiyaların daha geniş təmsilçiliyi olmalıdır ki, parlament ictimai nəzarət funksiyasını yerinə yetirsin, nazirləri, məmurları parlamentə dəvət edib sorğu-sual edə bilsin. Bizdə ildə bir dəfə Nazirlər Kabinetinin hesabatı formal olaraq dinlənilir, heç bir ciddi müzakirələrə səbəb olmur. Halbuki digər ölkələrin timsalında da görürük ki, deputatların nazirləri parlament komissiyalarına, iclaslara dəvət etmək haqları var. Onlara suallar ünvanlamaq, problemləri qaldırmaq hüquqları var”.

 

“Amma bizdə bunlar yoxdur. Parlament də öz funksiyalarını normal yerinə yetirə bilmir. Ona görə də ancaq ictimai qınaq yarananda böyük müzakirələr açılanda, medianın da bu məsələlərə daha çox diqqət ayırması nəticəsində məsələ ictimailəşir və bundan sonra lap yuxarıdan gələn tapşırıqlarla məsələlər öz həllini tapır. Bu günə qədər məsələlərin daha tez və daha aşağı səviyyələrdə həll olunması üçün mexanizmlər yaradılmalı idi”, - deyə ekspert vurğulayıb.

Sahib Məmmədov: “Qeyri-formal əməyin ləğvinə yönələn tədbirlər görülməlidir”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov AYNA-ya deyib ki, hökumət bütün hallarda vətəndaşların problemlərinə operativ reaksiya verməlidir: “Vətəndaşlarımızın bir məsələ ilə bağlı fikirləri varsa, bunu hökumət mütləq nəzərə almalıdır. Şəhid məzarlarının köçürülməsi ilə bağlı ictimaiyyət də öz etirazını bildirdi. Hökumət də bunu nəzərə aldı və problem öz həllini tapdı”.

 

“Bizdə belə hallar dəfələrlə olub ki, ictimai rəy hansısa qərarların qəbul edilməsində müsbət rol oynayıb. Bu baxımdan mən buna normal yanaşıram. Yaxşı ki, belə bir mexanizm var. Əvvəllər sosial şəbəkələr yox idi, amma hansısa başqa bir formada - petisiya şəklində və ya başqa formalarda bu etirazı çatdırmaq olurdu. İndi sosial şəbəkələr burada işi bir qədər də asanlaşdırıb. İctimaiyyətin kollektiv surətdə hər hansı bir məsələ ilə bağlı fərqli fikir bildirməsini pis qarşılamıram”, - deyə müsahibimiz qeyd edib.

 

Məmmədov problemi digər məsələdə görür: ““Fake news” və ya uyğun, düzgün olmayan məlumatlar yayılan zaman artıq böyük səs-küy başlayır. Sonradan bəlli olur ki, bu, heç də böyüdüləcək bir problem deyilmiş. Sosial şəbəkələrdə “Fake news” sürətlə yayılır, tirajlanır, xəbərlərə çevrilir, amma sonra bəlli olur ki, bunlar yanlış xəbərlərdir. Belə olan halda kimlərsə söyülür, qınanılır, ittihamlar səslənir və s. Bu yöndən pisdir. Amma hər hansı bir doğru problemin qabardılmasında bir anormallıq görmürəm. Bu, normaldır. İstənilən hakimiyyət ictimai rəyi mütləq nəzərə almalıdır”.

Müəllif: Ülviyyə Şahin