"/>

İstirahət mərkəzindəki problem nəzarətə götürüləcək: <font color=red> "Xəbərimiz olmayıb"</font>

Cəmiyyət

27.08.2019 - 14:08

Cahangir Əliyev"Araşdırarıq, görək, orada vəziyyət necədir, problem nədən ibarətdir"

 

Avqustun 26-da, Nabranda yerləşən “Malibu” istirahət mərkəzində hökm sürən bərbad vəziyyətlə bağlı reportaj yayımlamışdıq. Bildirmişdik ki, göndərişlə istirahət mərkəzinə üz tutan neftçilər və ailələri çox pis durumla üzləşiblər.

 

Təəssüf ki, tək “Malibu”da deyil, neftçilərin yollayışla (“putyovka”) getdikləri əksər istirahət mərkəzlərində buna bənzər vəziyyət hökm sürür. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı da AYNA-ya açıqlamasında bunu təsdiq edib: “Təkcə Nabrandakı istirahət mərkəzilərindən yox, İsmayıllıda yerləşənlərdən də şikayətlər gəlir. Təkcə BP şirkəti öz işçilərini yaxşı sanatoriyalara göndərir".

 

"Demək olar ki, digər neftçilərin göndərildiyi sanatoriyaların 80 faizindən şikayət var. Mən özüm dəfələrlə həmin şikayətlərlə bağlı aidiyyəti şəxslərə, qurumlara müaciət etmişəm. Təəssüflər olsun ki, heç bir ciddi nəticə olmayıb”, - deyə Komitə sədri bildirib.

 

M.Qəhrəmanlını sözlərinə görə, istirahət mərkəzlərində hökm sürən biabırçı vəziyyətə birbaşa Həmkarlar İttifaqı cavabdeh olmalıdır: “Neftçilərə “putyovkaları” həmkarlar ittifaqları verir. Ancaq həmkarlar təşkilatları tərəfindən həmin istirahət mərkəzləri yoxlanılmır, nəzarət yoxdur. Çünki həmkarlar təşkilatlarının bu işdə öz maraqları var,  ortada müəmmalı oyunlar oynanılır. Həmin maraqların nədən ibarət olduğunu isə özləri açıqlasalar, daha yaxşı olar”.

 

Müsahibimiz qeyd edib ki, əvvəllər hər göndərişə ciddi nəzarət var idi: “Hətta həm Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən, həm də Həmkarlar İttifaqları Konfederasiyasından gedib yerlərdə vəziyyəti yoxlayırdılar. Həmin sanatoriyalarda da idarə rəhbərləri belə, dincəlirdi. Fəhlə neftçilər qışda belə, sanatoriyalarda ən yüksək səviyyədə istirahər edir, müalicə olunurdular. İndi isə fəhlələrin göndərildiyi həmin sanatoriyalarda bir nəfər belə, nə həmkarlar təşkilatının rəhbərləri, nə də qohum-əqrəbası dincəlir”.

Rumiyyə Miraslan