Noyabrın 5-dən sonra nə baş verəcək: Avropa şərq “barmağını” kəsməyə hazırlaşır

Siyasət

22.09.2020 - 21:03

“Lukaşenko Avropa İttifaqı ilə münasibətlərini pozacaq və Rusiya ilə “Birlik Dövləti”nə razı olacaq”

 

Avropa Parlamenti (AP) Aleksandr Lukaşenkonun bu il noyabrın 5-də son səlahiyyət müddəti bitdikdən sonra Belarusun yenidən seçilmiş prezidenti kimi tanınmasından imtina edəcək. “Reuters” xəbər verir ki, AP-nin bəyanatında deyilir: “Mövcud avtoritar lider Aleksandr Lukaşenkonun səlahiyyət müddəti 5 noyabrda bitdikdə, Parlament artıq onu ölkənin Prezidenti kimi tanımayacaq”.

 

Öz növbəsində, Avropa İttifaqının (Aİ) Belarus səlahiyyətlilərinə qarşı təzyiq siyasətinin əsas ideoloqu olan Avropa Parlamentinin litvalı üzvü, mərkəzçi siyasətçi Petras Austrevicius Aİ-nin Belarusa yönəlik yeni bir yanaşmaya ehtiyac duyduğunu söylədi. Ki, bu da Lukaşenko rejimi ilə hər hansı bir əməkdaşlığın dayandırılmasını nəzərdə tutur.

 

Qeyd etmək lazımdır ki, Avropa Parlamentinin qərarı hüquqi baxımdan qeyd-şərtsiz olmasa da, siyasi çəkiyə malikdir və Aİ-nin Belarusa necə investisiya qoyacağına və ya ona maliyyə dəstəyi göstərib-göstərməyəcəyinə təsir göstərə bilər.

Lukaşenko koronavirus xəstələrini şəxsən müalicə etmək istəyir

Xatırladaq ki, sentyabrın 17-də AP Belarusla bağlı qətnaməni dəstəklədi. Sənəddə Avropa Parlamentinin deputatlarının Aleksandr Lukaşenkonu Belarus Prezidenti kimi tanımadıqları və ona qarşı sanksiya tətbiq olunmasını dəstəklədikləri nəzərdə tutulur. “Aleksandr Lukaşenko da daxil olmaqla, Belarusda seçki nəticələrinin saxtalaşdırılmasına və repressiyalara cavabdeh olanlara qarşı Aİ-nin sanksiyalarını tamamilə dəstəkləyirik”, - sənəddə bildirilir.

 

Son qərar Avropa İttifaqı Şurası tərəfindən veriləcək. Bundan başqa, Müxalifət Koordinasiya Şurası Belarus xalqının müvəqqəti nümayəndəsi seçildi: sənədə 574 millət vəkili səs verdi, 37 nəfər əleyhinə, 82 nəfər bitərəf qaldı.

 

Bu arada, BMT-nin Belarusdakı İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Anais Marin, bu yaxınlarda Avropada "başqa bir dəmir pərdə"nin ortaya çıxma ehtimalı barədə xəbərdarlıq etdi. Onun bəyanatı respublikanın hazırkı Prezidenti Aleksandr Lukaşenkonun Litva və Polşa ilə sərhədləri bağlamaq və Ukrayna ilə sərhədləri möhkəmləndirmək qərarı ilə əlaqələndirilir.

 

Beləliklə, 5 noyabrdan etibarən Avropa Parlamenti Lukaşenkonu Belarus Prezidenti hesab etməyi dayandıracaq. Görəsən, bütün bu proseslər nə ilə bitəcək? Brüssel Lukaşenko komandasına qarşı sanksiya tətbiq edəcəkmi? Elədirsə, indiyə qədər əksər etirazçıların adından əhəmiyyətli açıqlamalar verən Svetlana Tixanovskayanı Prezident kimi tanıyacaqlarmı? AYNA mövzuya dair əcnəbi ekspertlərin fikirlərini öyrənib.

 

Belaruslu jurnalist Andjey Poçobut:

 

“Qərb yeni seçkilər tələb edir, amma Aleksandr Lukaşenko bu seçkiləri keçirmək fikrində deyil. Bəli, həqiqətən, 5 noyabrda onun səlahiyyətləri sona çatacaq və statusu fərqli olacaq. Yəni Prezident kimi tanınmayacaq. Bu günə qədər bunun əsl mənasını heç kim bilmir. Avropa İttifaqı ölkələri Belarusdakı səfirlərini geri çağıracaq, yoxsa Lukaşenko ilə münasibətləri necə olacaq və s. kimi suallar açıq qalır.

Тихановская призвала белорусов отказаться от насилия :: Политика :: РБК

İndiyə qədər heç kim Svetlana Tixanovskayanı ölkə Prezidenti kimi tanımayıb. Məsələn, Litva Seyminin açıqlaması onun xalq tərəfindən seçilən lider olduğunu göstərir, ancaq Prezident adlandırmır. Bu səbəbdən Avropa İttifaqının gələcəkdə hansı addımlar atacağını mühakimə etmək indidən çətindir. Tixanovskaya sürgündəki hökumətin bir növ prototipini yaradacaqmı? Mənə elə gəlir ki, əsas strategiya yenə də yeni seçkilərdir. Çoxlarının tələb etdiyi də budur”.

 

Almaniyalı politoloq Aleksandr Rar:

 

“Qərbin Lukaşenkonu Belarusun qanuni Prezidenti kimi tanımaqdan imtina etməsi Lukaşenkonun tam rusiyayönümlü siyasət aparmasına səbəb olacaq. Lukaşenko Avropa İttifaqı ilə münasibətlərini pozacaq və Rusiya ilə “Birlik Dövləti”nə razı olacaq.

 

O, paralel olaraq, Konstitusiyanı dəyişdirəcək və səlahiyyətlərinin bir hissəsini Baş Nazir (hökumət) və Parlamentin Sədri ilə "paylaşacaq". Güc strukturlarını öz müdafiəsi üçün əlində saxlayacaq. Rusiya Belarusa iqtisadi təzyiqi artıracaq və onunla əlbəttə ki, Rusiya kapitalının üstünlük təşkil etdiyi ortaq bir iqtisadi məkanda birləşəcək.

 

Qərb belə bir perspektivi görmür, çünki Belarus xalqının bu seçimi rədd edəcəyini düşünür. Əlbəttə, Belarusda etirazlar olacaq. Buna görə də inteqrasiya yavaş-yavaş baş verəcək, Rusiya və Belarus Moskvanın rəhbərliyi altında bu qədər asanlıqla birləşməyəcək, əksinə bir müddət ayrı-ayrı siyasi konfederasiyada olaraq yaşamağa davam edəcək. Rusiya başa düşür ki, Lukaşenkodan başqa Belarusda heç kim “qardaş Rusiya” ilə bu cür sıx əlaqələr axtarmayacaq”.

Müəllif: Rauf Orucov