Novruzdan “Halloween”ə, Koroğludan “Hulk”a – Müqəddəratımız həll olunur

Cəmiyyət

02.11.2021 - 22:09

Əcdadlarımızın müdrikliyi: “Ördək qazın yerişini yeridi, öz yerişini də itirdi”

Oktyabrın son günü paytaxtın bir çox iaşə obyektlərində izdiham yaşanırdı: gənclər müxtəlif libaslara və maskalara sarılaraq “Hellouin” (“Halloween”) bayramını şən rəqslər və ibtidai insanın mamontu ovladıqdan sonra sevincini ifadə etdiyi, müasir insanın isə qulağını şoka salan vahiməli səslər çıxarmaqla qeyd edirdilər. Gələcək nəslin günlərinin xoş keçməsi, qayğısız həyat sürməsi ölkənin hər vətəndaşının ən böyük arzularından biridir və yeniyetmələrin, cavanların şənlənməsi, əslində, bizim də ruhumuza bir məlhəmdir.

Bu, həm də dövlətdə hökm sürən əminamanlığın, rifahın, sabaha əminliyin göstəricisidir. Odur ki, bütün bunları cəmləyərək və məsələyə məhz bu aspektdən yanaşaraq, baş verənləri ancaq müsbət hal kimi dəyərləndirmək olar. Amma bu, Ayın görünən tərəfidir. Bəlli olduğu kimi, onun görünməyən tərəfi də mövcuddur...

30 ilin “nailiyyəti”

70 il Sovet imperiyasının boyunduruğunda olan xalqımız yenidən müstəqilliyinə qovuşduqdan sonra sürətlə əzəli köklərinə qayıtmağa, milli-mənəvi dəyərlərini bərpa etməyə başladı. Yad, mentalitetimizə uyğun olmayan ənənələr və bayramlar tarixin zibilliyinə göndərildi. Əvəzində isə sovetlərin zahirən unutdurduqları, əslində isə həmişə xalq tərəfindən yaşadılan bayramlar rəsmi dövlət bayramları sırasında yer aldı.

Artıq azərbaycanlılar Novruzu, Qurban və Orucluq bayramlarını qorxmadan, çəkinmədən, qürurla qeyd etməyə başladılar. Necə deyərlər, özümüzə böyük qayıdış başladı.

Amma bu proseslərlə yanaşı başqa tendensiyalar da tədricən cərəyan etdi. “Dəmir səddin” zəbun olması ölkəmizi dünyanın müxtəlif guşələrindən əsən yellər üçün açıq etdi. Bu isə müsbətlərlə bərabər heç də xoşagəlməyən cərəyanların da Azərbaycana yol açması ilə müşahidə olundu. Və budur, 30 ilin tamamında tam məsuliyyətlə deyə bilərik: günümüzün orta statistik azərbaycanlısı bir zamanlar bəyənmədiyimiz Sovet Azərbaycanının vətəndaşı ilə müqayisədə soy kökündən daha uzaq və bu soy kökə daha yaddır.

Kimsə razılaşmaya bilər, əlbəttə. Amma gəlin birlikdə düşünək. Bu gün ingilis dilində təhsil alan, rus dilində düşünən, “Gırls’ Generatıon” və “Rammstein” qruplarını dinləyən, “Real”a azarkeşlik edən, ən sevimli bayramları “Hellouin” və Müqəddəs Valentin günü olan, Halka (Hulk) Koroğludan daha yaxşı bələd olan, “beyin” və “peyin” sözlərini səhv salan, sazı dombradan, Şah İsmayılı isə Sultan Səlimdən fərqləndirə bilməyən birisi nə dərəcədə azərbaycanlıdır? Onu danimarkalıdan, vyetnamlıdan, uruqvaylıdan fərqləndirən nədir? Malik olduğu şəxsiyyət vəsiqəsi? Ya həmən vəsiqədə qeyd edilən soyadı? Vəssalam? Nəzərə alaq ki, bu, hələ bizim 30 illik “nailiyyətlərimizdir”. Maraqlıdır, 30 il də bu minvalla davam etsə, aqibətimiz necə olacaq? 

Nəyi qeyd edirik?

Əlbəttə ki, Azərbaycan demokratik ölkədir. Burda yaşayan hər kəs qanunlar yol verdiyi qədər və başqasının hüququnu pozmamaq şərtilə davranışlarında tam sərbəst və azaddır. O cümlədən şənlənmək və bayram etmək məsələsində də. Amma bir qədər dərindən düşünəndə...

Lap elə “Hellouin”i götürək. Bu bayramın kökləri İrlandiya və Şotlandiya ərazilərində yaşamış qədim keltlərə gedib çıxır və 1 noyabr – Bütün Müqəddəslər Günü ərəfəsində qeyd edilir. Maraqlı bir sual gəlir meydana: azərbaycanlıların bu tarixçədən xəbərləri varmı? Hansı müqəddəslərdən söhbət getdiyinin fərqindədirlərmi? Yoxsa qərara almışıq ki, bütün dünya xalqlarının bayramlarını öz doğma bayramlarımız kimi qeyd edəcəyik? Və əgər bu, belədirsə, yenə də - bizim azərbaycanlılığımız nədə təzahür edəcək?

Görünən odur ki, bu gün azərbaycanlı olmaq artıq incə bir məsələyə çevrilib. Hətta demək olar ki, azərbaycançılığın müqəddəratı həll olunur.

Piza qülləsini söküb şaquli tiksək...

Piza qülləsi haqqında hamı eşidib. Bir zamanlar onun əyilmə bucağının ilbəil artdığını bəyan edərək, bütün dünya mühəndislərindən çıxış yolu tapılması istənildi. Və bir qrup mütəxəssis tam ciddiyyətlə qüllənin sökülüb şaquli vəziyyətdə inşa olunmasını təklif etdi. Bu insanlar qüllənin bu yolla xilas olunacağını düşünürdülər.

Və bir mütəxəssis kimi haqlıydılar. Amma bir şeyi unudurdular: qülləni şaquli vəziyyətə gətirməklə onu planetdəki minlərlə digər qəsrlərlə bir sıraya qoyacaqdılar, artıq bu tikilinin digərlərindən heç bir fərqi olmayacaqdı.

Bu gün də biz oxşar prosesləri yaşayırıq. Özümüzü müasir, kreativ göstərmək həvəsi bizi özəlliyimizdən, fərqliliyimizdən məhrum etməkdədir. Bizim dünya xalqları sırasında öz, eksklüziv yerimiz var. Biz heç kimə bənzəməyə can atmamalıyıq. Bəli, mənfi cəhətlərimizi müəyyən edib onlardan azad olmaq üçün çalışmalıyıq. Amma bu, bütün tariximizdən, keçmişimizdən imtina etmək anlamına gəlməməlidir. Əsirlər boyu ulu babalarımız buna görəmi yadelli işğalçılarla üz-üzə gəlib, qan töküb, can veriblər, adətlərimizi, ənənələrimizi, dilimizi bizə miras qoyub gediblər?..

P.S. Sonda isə əcdadlarımızdan bizə yadigar qalan bir deyimi xatırlatmaq istərdim: “Ördək qazın yerişini yeridi, öz yerişini də itirdi”. Anlayanlar üçün böyük ibrət var bu sözlərdə. Allah ulu babalarımıza rəhmət eləsin.

Müəllif: Polad Xudayarlı