Növbədənkənar Soçidən sönük Brüsselə - İlk ikitərəfli Qarabağ masasından gözləntilər

Aktual

11.12.2021 - 10:22

Əhəd Məmmədli: “Qərbin bu prosesə hansısa bir ciddi müdaxilə etmək imkanı olduğunu güman etmirəm”

Asif Nərimanlı: “Bakı anlayır ki, İrəvan yenə “status” məsələsindən danışacaq, danışıqları bu istiqamətdə qurmağa çalışacaq”

Dekabrın 15-də "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi gözlənilir. Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə planlaşdırılan görüş İkinci Qarabağ müharibəsindən sonra liderlər arasında üçüncü görüş olacaq.

Əslində, Brüssel görüşü ilk ikitərəfli təmasdır. Çünki Əliyevlə Paşinyan arasında əvvəlki iki görüş - biri Moskvada, biri Soçidə - Rusiya Prezidentinin təşəbbüsü ilə üçtərəfli formatda keçirilib. Brüsseldə isə liderlərin təkbətək görüşəcəyi gözlənilir.

Brüssel danışıqlarının gündəliyində hansı məsələlərin olacağı barədə ətraflı məlumat verilməyib. Lakin gündəliyin əsas məsələsinin sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı addımların müzakirəsi olduğu ehtimal edilir.

Əksər analitiklər bildirirlər ki, noyabrın 26-da Soçidə baş tutan görüş fonunda Brüssel danışıqları sönük keçəcək. Siyasi müşahidəçilər bir qədər də irəli gedərək hesab edirlər ki, Avropadakı görüş formal xarakterli olacaq - sadəcə humanitar məsələlərə daha çox yer ayrılacaq.

“Düşünürəm ki, Brüssel görüşündə ciddi qərar verilməyəcək. Çünki bu məsələnin əsas tərəfləri Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədir. Qərbin bu prosesə hansısa bir ciddi müdaxilə etmək imkanı olduğunu güman etmirəm”, - deyə AYNA-ya şərhində politoloq Əhəd Məmmədli söyləyib.

Onun sözlərinə görə, Qərb Qarabağ məsələsi ilə bağlı bundan sonrakı proseslərdə öz təsirlərini qoruyub saxlamaq və ATƏT-in Minsk Qrupunu işə salmaq istəyir: “Bu da bizim yox, rəsmi İrəvanın, eyni zamanda, rəsmi Moskvanın hansısa maraqlarına cavab verir. Azərbaycan tərəfinin Brüsseldə hansısa güzəştə gedəcəyinə inanmıram. Yəqin ki, Soçi görüşündə olduğu kimi bəyanat veriləcək”.

Məmmədli əlavə edib ki, bu cür görüşlərdə əsas məsələlər bağlı qapılar arxasında müzakirə olunur: “Hər halda, görüşdən sonra biz münaqişə ilə bağlı proseslərin hansı yöndə inkişaf edəcəyinin şahidi olacağıq. Bundan sonra müəyyən fikirlər söyləmək asanlaşacaq”.

Siyasi icmalçı Asif Nərimanlı da AYNA-ya bildirib ki, Brüssel görüşü əsasən humanitar məsələlər üzərində qurulacaq: "Hətta bu görüşə qədər Soçi razılaşması olmasaydı belə, yenə orada ciddi razılıqların olmayacağı bəlli idi. Çünki bölgəyə dair gündəmi Rusiya, Azərbaycan və Türkiyə formalaşdırır və hər üç ölkənin gündəliyi üst-üstə düşür". 

"Bakı üçün prosesə əlavə qüvvənin cəlb edilməsi indiki məqamda sərfəli deyil. Soçi razılaşmasından sonra Brüssel görüşünün əhəmiyyəti daha da azaldı. Hətta 10 erməninin qaytarılması, əvəzində azad edilmiş ərazilərin hamısının mina xəritəsinin alınması da Brüssel görüşünün gündəmini zəiflədir", - analitik vurğulayıb.

Həmsöhbətimizin fikrincə, Ermənistan "əsir" adlandırdığı erməni terrorçu-diversantların qaytarılması məsələsini yenidən gündəmə gətirəcək: "Avropa İttifaqı da ən azı bununla bağlı nəticə əldə etmək istəyəcək. Burada maraqlı olan mina xəritələrinin hamısını alan Bakının bunun qarşılığında nə istəyə biləcəyidir. Fikrimcə, Azərbaycan Aİ-nin növbəti mübadilədə iştirakına “status”, yaxud ərazi bütövlüyü prinsipinin əksinə olacaq heç bir ifadənin işlədilməməsi qarşılığında razı ola bilər". 

"Bakı anlayır ki, İrəvan yenə Qarabağda “status” məsələsindən danışacaq, danışıqları bu istiqamətdə qurmağa çalışacaq. Mümkündür ki, rəsmi Bakı görüşün və görüş haqqında informasiyanın bu istiqamətdə qurulmaması üçün növbəti gedişlərini etsin. Bununla yanaşı, Aİ-nin sərhədin müəyyənləşməsinə ekspert, yaxud texniki dəstəyi müzakirə edilə bilər", - deyə Nərimanlı fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu