Norveç Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edib

Dünya

23.05.2024 - 12:28

Tədbir Şengen vizasını hansı ölkənin verdiyindən asılı olmayaraq tətbiq olunacaq

Mayın 29-dan Norveç turizm və digər “qeyri-əsas” əhəmiyyət kəsb edən məqsədlər üçün ölkəyə gələn ruslara icazə verməyi dayandıracaq. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Norveç hökuməti açıqlayıb ki, tədbir Şengen vizasını hansı ölkənin verdiyindən asılı olmayaraq tətbiq olunacaq.

“Məqsədi turizm və digər vacib olmayan səyahətlər olan Rusiya vətəndaşları xarici sərhəddən daxil olarkən deportasiya ediləcəklər. Sərtləşdirmə həm 2022-ci ilin yazında viza praktikasının sərtləşdirilməsindən əvvəl Norveç tərəfindən verilmiş vizalara, həm də digər Şengen ölkələri tərəfindən verilmiş vizalara şamil edilir”, - məlumatda deyilir.

Yaxın qohumlarını ziyarət etmək və ya Norveçdə, Şengen bölgəsində işləmək və təhsil almaq üçün səyahət edən Rusiya vətəndaşları üçün istisna edilə bilər.

Hökumətin məlumatında qeyd olunur ki, bu qərar Norveçin Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq məhdudiyyətlər tətbiq edən müttəfiqlərini və tərəfdaşlarını dəstəkləmək istəyi ilə bağlıdır.

Müəllif: Ayna.az