“Nikolsuz Ermənistan” – İrəvanda növbəti dəfə mitinq keçirilib

Dünya

22.12.2020 - 15:21

Etirazçılar Baş nazirin dərhal istefa verməsini tələb edirlər

 

Bu gün İrəvanda minlərlə insanın iştirakı ilə mitinq keçirilib. AYNA erməni mediasına istinadən bildirir ki, mitinqə toplaşan 5-6 min insan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər.

 

Aksiyaçılar hesab edirlər ki, Qarabağla bağlı razılaşmada Paşinyan “milli maraqlara xəyanət” edib.

 

Etiraz aksiyası Ermənistan paytaxtının mərkəzindəki Respublika meydanında keçirilib. Etirazçılar meydana rus və erməni dilində Baş nazirin istefasını tələb edən plakatlar gətiriblər. “Get, xain!” “Nikolsuz Ermənistan”, şüarları qaldıran etirazçılar Baş nazirin dərhal istefaya getməli olduğunu tələb ediblər.

 

Məlumata görə, etiraz aksiyaları Ermənistanın digər vilayətlərində də keçirilib.

 

Qeyd edək ki, Qarabağda atəşkəsin bərpası ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli birgə bəyanatından sonra Ermənistanda etiraz aksiyaları başlayıb. Qarabağ müharibəsindəki məğlubiyyətə səbəbindən ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələb olunur.

Müəllif: Ayna.az