Nihilist mız qoyanlar: “Qoymayın, ay köhnələr, ay yaşlılar...”

Cəmiyyət

15.11.2021 - 21:04

Bir dəli quyuya daş atdı, min abid çıxara bilmədi və ya isti plova soyuq su qatmaq şakəri

Belə rəvayət edirlər ki, günlərin birində Loğman oğlu ilə uzaq yola çıxır. Özü ulağa minir, oğlu isə ardınca piyada gəlir. Qonşu kəndə çatdıqda rastına çıxan hamı onu qınayır: “Ayıb olsun! Yekə kişisən! Özün rahatca oturub yol gedirsən, uşaq isə əziyyət çəkir”. Bu sözlərdən nəticə çıxaran Loğman oğlu ilə yerini dəyişir.

Amma növbəti kənddə yenə narazılıqla qarşılanır: “Bu, nə tərbiyədir oğluna verirsən? Sən ata olaraq piyada gedirsən, bu cüvəllağını isə ulağa əyləşdirmisən!” Bu dəfə ata-bala ikisi də heyvanın belində özünə yer edir.

Lakin camaatı razı salmaq mümkün olmur ki, olmur: “Ay insafsızlar! Yazıq deyil bu binəva heyvan?! Heç olmasa biriniz piyada gedin, ulağın yükü azalsın” Naçar qalan Loğman sonuncu varianta əl atır: özü də, oğlu da yolu piyada qət edirlər.

Gəl ki, bu dəfə camaat ona istehza edib gülür: “Nə səfeh adamdır bu! Ulağı ola-ola piyada yol gedir...”

Bu rəvayətdən irəli gələn hikməti qısaca ifadə etmək istəsək, “heç zaman hamını razı salmaq mümkün deyil” söyləyə bilərik. Bu, belə olub, belədir və ta qiyamətə qədər belə də qalacaq. İstənilən dövlətdə və siyasi-ictimai formasiyada mütləq “Qatığın ağlığına dair şübhələr konsepsiyası” ilə sıxış edən heç olmasa bir bəşər övladı tapılacaq. Fəlsəfə aləmində belələrinə “nihilist”, el arasında isə “mız qoyanlar” deyilir.

Amma gəlin etiraf edək ki, son illər, xüsusən də sosial şəbəkələrin inkişafı ilə, cəmiyyətimizdə nihilist mız qoyanların say nisbəti əməlli-başlı artıb və sürətlə artmaqda davam edir. Mövzuya bələd oldu-olmadı, artıq hər məsələyə müdaxilə etmək, “kreativ” fikir söyləmək əsl brendə çevrilib. Özü də bu fikir nə qədər absurd və anormal olsa, bir o qədər “dəyərli” və “proqressiv” hesab edilir. Axı adam ənənələri, çərçivələri, şablonları alt-üst edib, yeni yol kəşf edib! Bravo!..

Düşünmək olar ki, qeyd etdiyimiz tendensiya heç də bütün məsələləri əhatə etmir, sadəcə, normal düşüncəli insan üçün əhatə edə bilməz. Elə mövzular, elə hadisələr var ki, onlara növbə çatanda digər məsələlər artıq təfərrüatdır. Amma yox, Azərbaycanda hər şey mümkündür.

Məsələn, bir neçə gün öncə ilk dəfə Zəfər bayramımızı qeyd etdik. Uzun illərdən sonra, hətta deyərdik ki, müstəqillik dönəmində birinci dəfə xalq olaraq əsl bayram yaşadıq. Nə gözəl, deyilmi? Amma burda da “mız qoyanlar” adlı ordu dinc oturmadı. Axı kimin ağlına gələrdi ki, gənclərimizin qol-qola verib rəqs etməsi bu qədər “qüsura” malikdir? Sən demə, musiqi səhv seçilibmiş! Və daha nələr, nələr...

“Bu, nə yüngül hərəkətlərdir? Bu, nə ritmdir? Bu, nə bayağı sözlərdir? Bu oğlan nə üçün bayrağımızı çiyninə tərsinə salıb?”...

Aman Allah! Belə “iradları” eşidəndə onların müəllifləri ilə bir mənzildə yaşayanlara, bir ofisdə çalışanlara, bir avtobusda yol gedənlərə necə ürəyin yanmasın? “Mız qoyanlar” atəşfəşanlığa da “laqeyd” qalmadılar. Bir neçə kontuziya almış qazimizin tədbir zamanı narahat olması “gərək bunu əvvəlcədən düşünəydilər!” kimi şərhlərə zəmin yaratdı. Nə düşünməliydilər? Atəşfəşanlıq başlayanda “Mute” düyməsini sıxmalıydılar?

Bu mız qoyanlar müxtəlif yaş və sosial təbəqəyə, fərqli dünyagörüşünə və təhsilə malik ola bilərlər. Amma onları birləşdirən bir ümumi cəhət var: heç vaxt real alternativ təklif etməzlər və heç zaman onları real iş başında görməzsiniz. Məsələn, guya qazilərə ürəyi yanıb “gərək əvvəlcədən bunu düşünəydilər” deyən kəslər konkret hansı addımların atılması barədə susurlar. Çünki bir qazan isti plova bir bardaq soyuq su qatmaqla missiyalarını bitmiş hesab edir və sevincək kənara çəkilib nə baş verəcəyini izləyirlər. Baş verənləri isə xalq əsrlər öncə qəşəng tərənnüm edib: “Bir dəli quyuya daş atdı, min abid çıxara bilmədi”.

Sonda isə bir nüansa diqqət çəkmək istərdik. Cəmiyyət və xalq olaraq “mız qoyanların” təxribatına getməmək və bu qurulan torlara düşməmək üçün diqqətli olmalıyıq. İstənilən məsələdə - iri və ya xırda. Bunun üçünsə bir qədər səbirli, bir qədər təmkinli, bir qədər də müdrik olmalıyıq. Axı əbəs yerə “biz müdrik xalqıq” demirik ki! Bunu real həyatda da isbatlamaq, nəzəriyyədən praktikaya keçirmək lazımdır.

Müəllif: Polad Xudayarlı