“İsrail ordusu yüksək rütbəli komandirlər də daxil olmaqla, HƏMAS-ın 24 bölməsindən 19-nu məhv edib”
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın yüksək rütbəli komandirlər də daxil olmaqla 24 bölüyündən 19-nu məhv edib. AYNA xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
“Bizim nailiyyətlərimiz böyükdür. Biz yüksək rütbəli komandirlər də daxil olmaqla, HƏMAS-ın 24 batalyonundan 19-nu məhv etdik. Biz xeyli sayda HƏMAS terrorçusunu öldürdük, yaraladıq və ya əsir götürdük. Əl-Şifa xəstəxanasını və bir çox terror qərargahını təmizlədik. Biz raket zavodlarını, silah və sursat anbarlarını məhv etdik”, - Netanyahu bildirib.
Baş nazir əlavə edib ki, HƏMAS-ı tamamilə məhv etməyi planlaşdırır: “Elə olmalıdır ki, Qəzza İsrail üçün təhlükə yaratmasın”.
Bundan əvvəl aprelin 7-də İsrail Müdafiə Qüvvələrinin son 4 aydır Xan Yunisdə hərbi əməliyyatlar aparan 98-ci diviziyanın qoşunlarını Qəzza zolağının cənubundan çıxardığı bildirilib.