FOTO, VİDEO"/>

"Nəsimi” bədii filminin surdotərcümə versiyasının təqdimatı olub - <font color=red> FOTO, VİDEO</font>

Mədəniyyət

30.11.2019 - 23:42

Filmin surdotərcümə versiyası disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərə nümayiş olunmaq üçün hazırlanıb


"Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdotərcümə versiyasının təqdimatı (Park Cinema Flame Towers) keçirilib.

 

AYNA xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti olmayan şəxslər iştirak ediblər.

 

Tədbirin açılışında çıxış edən layihə rəhbəri Cəsarət Hüseynzadə filmin surdotərcümə versiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlandığını qeyd edib. Onun verdiyi məlumata görə, filmin surdotərcümə versiyası disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərə nümayiş olunmaq üçün hazırlanıb. Layihə rəhbəri həmin kateqoriyadan olan həssas qruplar üçün “Bir qalanın sirri” filmi, “Yalançı çoban” cizgi filmi və vətənpərvərlik mövzusunda 6 video materialın da surdotərcümə versiyasının hazırlandığını nəzərə çatdırıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev öz çıxışında xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiyayönümlü sosial xidmətlərlə təminatının ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, Prezident İlham Əliyevin 2019-cu il iyunun 1-də imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamın həmin insanlara göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsini təmin etdiyini vurğulayıb. Sərəncam nazirliyin sifarişi ilə sosial xidmət layihələri üzrə yaradılan, günərzi xidmət və reabilitasiyayönümlü mərkəzlərin sayının 3,5 dəfədən çox artmasına imkan verib. Hazırda 200-ə yaxın belə mərkəz tərəfindən əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə sosial xidmətlər göstərilir.

 

H.Abdullayev eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün də reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a çatdırıldığını deyib. Bildirib ki, qanunvericiliyə təklif olunan yeni dəyişikliklərdə eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması da nəzərdə tutulub. Yəni, televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdotərcümə sisteminin tətbiq edilməsi də qarşıda duran işlər sırasındadır.

 

Aparat rəhbəri qeyd edib ki, “Nəsimi” bədii filminin surdotərcümə versiyasının hazırlanması Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə bağlı aparılan işlərə bir töhfə məqsədi daşıyır. Eyni zamanda, bu layihə eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların informasiyaya əlçatanlığının təmin olunmasına bir dəstəkdir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, İctimai şuranın üzvləri Əliməmməd Nuriyev, Rauf Zeyni, Akif Kəhimov, Davud Rəhimli, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova və başqaları çıxış edərək eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunmasında, onların informasiyaya əlçatanlığının təminatında belə layihələrin böyük rol oynadığını diqqətə çatdırıblar.

 

Sonra “Nəsimi” bədii filminin surdotərcümə versiyası təqdim edilib.

Müəllif: Ayna.az