Nəhənglərin döyüşü sıravi azərbaycanlının “başında partlayır”

Siyasət

22.03.2020 - 19:30

Politoloq: “Rusiya fürsətdən istifadə edib ABŞ-ın enerji sektoruna zərbə vurmağa çalışdı”

 

Artıq günlərdir, neftin qiyməti 30 dollar həndəvərində hərlənir, hətta bəzən 25-26 dollaradək ucuzlaşır. Geosiyasi rəqabətin əsas alətlərindən olan neft bizim həyatımızda da həlledici rol oynayır. Belə ki, 2015-ci ildə dəyərdən düşməsi nəticəsində ölkəmizdə 2 dəfə devalvasiya baş verdi ki, bu da vətəndaşları xeyli maddi sıxıntılara düçar elədi.

 

Bu gün dünyada nə baş verir? Ya da sabah nə baş verəcək? Böyük güclər arasındakı mübarizə sıravi azərbaycanlının cibinə necə təsir edir?

 

Mövzu ilə əlaqədar AYNA-ya şərh verən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft çəkişməsi bütün dünyanın enerji bazarını silkələyib: “Artıq OPEC ölkələri ABŞ ilə bazarda rəqabətə davam gətirmək üçün mütləq Rusiyanın dəstəyinə ehtiyac görürlər. Koronavirus qlobal iqtisadiyyata mənfi təsir göstərməklə, neft bazarının perspektivlərini də sual altına qoymuş olur. Koronovarisa görə maliyyə bazarları öz kapitalını neft sektorundan başqa sahələrə yönəldir. Rusiyanın 2020-ci il dövlət büdcəsində neftin 1 barreli 42 dollardan götürülüb. OPEC isə aprel ayında vəziyyətin daha böhranlı olacağını proqnozlaşdırıb. Beləliklə, Rusiyanın ABŞ neftinə zərbə vurmaq planları Rusiyanın öz iqtisadiyyatının da zərər görməsinə gətirib çıxara bilər”.

 

“Son 35 ildə Səudiyyə Ərəbistanı artıq dördüncü neft müharibəsində iştirak edir. Bir çox ekspertlər isə hesab edirlər ki, Rusiyanın məqsədi Səudiyyə krallığı ilə neft savaşı yox, ABŞ neft bazarına zərbə vurmaqdır. Koronavirus təhlükəsi dünya neft bazarında tələbin kəskin azalması ilə nəticələndi. Bu zaman altı ildən bəri Amerika sanksiyaları ilə üzləşən Rusiya fürsətdən istifadə edib ABŞ enerji sahəsinə cavab zərbəsi vurmağa hazırlaşdı”, - deyə politoloq bildirib.

 

Məmmədova düşünür ki, proses ABŞ-dakı seçkilərlə bağlı ola bilər: “ABŞ-ın Maliyyə naziri Rusiyanın Vaşinqtondakı səfiri ilə görüşüb və görünür, bu, ABŞ-da qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Koronavirus təhlükəsi və neftin qiymətinin aşağı enməsi ABŞ maliyyə bazarlarını da vurur və səhmlərin qiymətlərinin sürətlə azalmasına səbəb olur”.

 

“Belə olan şəraitdə zəifləyən ABŞ iqtisadiyyatının getdikcə geriləməsi Trampın növbəti prezident seçkilərində məğlub olaraq demokratların namizədinin Ağ Evə gəlməsinə səbəb ola bilər. Bütün praymerzlərdə qələbə qazanan Sanders Trampa ən güclü rəqib hesab olunmaqdadır. Xüsusilə, Putin artıq ilk seçkilərdə olduğu kimi Trampa dəstək verməyəcəyini bildirib və Trampın siyasətindən məyus olduğunu gizlətmir. Odur ki, neft bazarındakı vəziyyətin dünya siyasi səhnəsindəki vəziyyətə, o cümlədən ABŞ-da prezident seçkilərinə təsirsiz ötüşməyəcəyini indidən proqnozlaşdırmaq olar”, - siyasi şərhçi vurğulayıb.

Müəllif: Mərahim Nəsib