Nə olur olsun, kim ölür ölsün, ünvana çatmalı - Yemək deyil, problem daşıyırlar

Cəmiyyət

01.07.2022 - 14:19

Kuryerlərin iştirak etdiyi qəzaların sayını necə azaltmaq olar?

“Bir neçə aydır ki, gözlənilmədən avtomobilin arxasından çıxan motosikletçi-kuryer məni vurub. Nisbətən yaxşı qurtardım. Qorxurdum ki, üzümdə çapıq qalsın, şükür, heç nə olmadı”.

Bunları AYNA-ya danışan narazı paytaxt sakini deyir ki, ayağı hələ də ağrıyır: “İndi yolu keçəndə, istər-istəməz, içimdə sıxılıram. Yollar bir yana, səkilərdə də gəzmək qorxulu olub - mopedlər, motosikletçilər, velosipedçilər səkilərdə şütüyürlər. Elektrikli skuterlər də populyarlıq qazanır. Bir neçə dəfə çətinliklə toqquşmadan canımı qurtara bildim. Hüquq-mühafizə orqanları hara baxır?”.

Həmsöhbətimizin qəzəbinə bakılıların və paytaxt qonaqlarının əksəriyyəti şərikdir. Bu cür nəqliyyat vasitələrinin iştirakı ilə müxtəlif dərəcəli qəzalar adi hala çevrilib. Onsuz da təhlükəsiz olmayan paytaxt yollarında daha da təhlükəli vəziyyət yaranıb.

Kuryerlərə gəlincə - hansılar ki, təhlükə yaradan daha çox onlar olur - onlara ünvanlanan ittihamlar qarşısında bəhanələri də eşidə bilərsiniz. Deyirlər ki, onların günahı yoxdur, pul qazanmaları lazımdır. Ancaq bunu yalnız onlara rast gəlməmək qədər şanslı olanlar deyir. Bəzilərinin qazanclı işi başqaları üçün təhlükə mənbəyinə çevrilməməlidir.

Çatdırılma xidmətlərinin qaydaları kuryerlər tərəfindən qanunun pozulmasına təkan verir: müştəriləri itirməmək üçün sifariş mümkün qədər tez çatdırılmalıdır. Və yenə də ehtiyatsızlıq və əvəzində cəzasızlıq.

Axı belə nəqliyyat vasitələrinin sükanı arxasında olanlar əsasən gənclər və yeniyetmələrdir. Moped sürmək üçün sürücülük vəsiqəsi lazım deyil, amma nahaq yerə. Çoxdan deyilib ki, mühərrikinin həcmi 50 kubsantimetrdən az olan avtomobillərə dövlət qeydiyyat nişanı verilməlidir, amma hələ də bu məsələ havada qalıb. Piyadanı vurub yıxır, sonra da aradan çıxır. İndi gəl axtar görək, onları necə tapacaqsan. Əksər hallarda onları tapa da bilmirlər.

Mopedçilər və motosikletçilər də çox vaxt özlərinin təqsiri üzündən qəza zamanı xəsarət alırlar. Maşınlar arasında “sağ-sol etmək”, qırmızı işıqda keçmək - bütün bunlar nəticəsi acınacaqlı ola biləcək pozuntulardır.

“Sürücülərin Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədovun AYNA-ya dediyinə görə, bir çox ölkələrdə mopedlər, güclü elektrikli skuterlər kimi nəqliyyat vasitələri çox populyardır: “Məsələn, ABŞ-da bu cür nəqliyyat vasitələrinin sayı çoxdur. Amma orada vətəndaşlar daha çox qanuna tabe olduğundan, qanunlara ciddi əməl olunduğundan, yollarda problem yaratmırlar. Bu yanaşmaya onları qanun məcbur edir. Onlar avtomobil sürücüləri və piyadalar kimi eyni yolun istifadəçiləridir”.

“Bizdə isə bu məsələyə çox laqeyd yanaşırlar. Hətta səki ilə sürülən güclü motosikletlər də artıq heç kimi təəccübləndirmir. ABŞ-da belə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilən qayda pozuntuları azdır, lakin bizdə hər addımda olur və onlar cəzalandırılmır, baxmayaraq ki, şəhərin hər yerində müşahidə kameraları quraşdırılıb. Tez-tez eşidirsən, deyirlər ki, “bu sürücülərin öhdəsindən gəlmək mümkün deyil”. Bu, olduqca qəribə səslənir. Amma Bakıda çoxlu moped və motosiklet var, sayları günbəgün artır və problemi həll etmək lazımdır. Yollarda baş verən qanunsuzluqlar qanunvericilikdəki boşluqlardan qaynaqlanır”, - deyə müsahibimiz bildirir.

Ekspert əmindir ki, mühərrikinin həcmi 50 kubsantimetrdən az olan avtomobillər də qeydiyyatdan keçməlidir: “Əgər nəqliyyat vasitəsi qeydiyyatdadırsa və sürücü onun üzərində qəza törədibsə, onu tapmaq daha asan olacaq. Əlbəttə ki, velosipedçilər də təhlükə yarada bilər. Onlar da yol hərəkəti qaydalarına əməl etməli, imkan daxilində, onlar üçün xüsusi zolaqlar təşkil edilməlidir. Amma əgər velosiped maksimum 12 kq ağırlığındadırsa və maksimum 25 km sürət yığırsa, o zaman moped xeyli ağırdır, sürəti xeyli yüksəkdir və buna uyğun olaraq zərbə qüvvəsi də dəfələrlə çox olacaq”.

Məmmədovun sözlərinə görə, ölkədə yol hərəkəti təhlükəsizliyi baxımından nəqliyyatdan “kommersiya istifadəsi” deyilən bir anlayış yoxdur: “Bəli, yol hərəkəti qaydalarına əməl etməməkdə çox vaxt kuryerlər günahkar olur, lakin nəzərə almaq lazımdır ki, çatdırılma çox zaman gənclər tərəfindən özlərinə xas ehtiyatsızlıqla həyata keçirilir. Kuryer üçün əsas şey çatdırılmanı mümkün qədər tez etməkdir. Əgər onu maşın vurarsa, o zaman günahı olmasa belə, bu sürücü çətin anlar yaşayar və kuryer yaralanır və ya ölür, bu da ailəsi üçün fəlakət olur. O, piyadanı vurarsa, insan ağır yaralana və ya ölə bilər. Amma kuryer bütün bunları düşünmür”.

“Biznesmenlər isə tamamilə fərqli düşüncə səviyyəsinə malikdirlər, indi kuryerlər onlar üçün istehlak materialıdır. Buna görə də kuryer çatdırılma xidmətləri üzərindən də məsuliyyəti silmək olmaz. Problemin həlli üçün belə nəqliyyat vasitələrinə nömrə verməkdən başqa addımlar da olmalıdır. Əgər hansısa şirkətin kuryerləri yolda çoxlu qayda pozuntularına yol verirlərsə, deməli, bu şirkətin rəhbərliyi kadr seçiminə diqqətlə baxmır. Belə olan halda şirkətə çatdırılma ilə məşğul olmağı qadağan etmək lazımdır, qoy malı piyada çatdırsınlar. Əgər məsələ bu şəkildə tənzimlənərsə, o zaman xidmətin rəhbərliyi muzdlu işçilərə daha böyük məsuliyyətlə yanaşacaq və kuryerlərin iştirakı ilə qəzaların sayı xeyli az olacaq”, - deyə təşkilat rəhbəri vurğulayır.

Müəllif: Elya Belskaya