Stoltenberq Qərbi Rusiya-KXDR paktı fonunda birləşməyə çağırıb
“Rusiya və Şimali Koreya arasında hərbi ittifaq avtoritar güclərin getdikcə yaxınlaşdığını nümayiş etdirir və demokratiyaların vahid cəbhəsinin yaradılmasının vacibliyini göstərir”. AYNA xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Ottavaya rəsmi səfəri zamanı panel müzakirələrində deyib.
“Biz başa düşməliyik ki, avtoritar güclər getdikcə yaxınlaşırlar. Onlar bir-birini indiyə qədər görmədiyimiz şəkildə dəstəkləyirlər”, - deyə Şimali Atlantika Alyansının rəhbəri vurğulayıb.
Stoltenberq qeyd edib ki, Şimali Koreya Rusiyaya “külli miqdarda sursat” verib, Çin və İran isə Moskvaya Ukraynaya qarşı aqressiv müharibəsində hərbi dəstək verir.
O, əlavə edib ki, Rusiya Federasiyası ilə digər Asiya dövlətləri arasında artan yaxınlıq NATO-nun Asiya-Sakit okean regionunda müttəfiqləri ilə əməkdaşlığını daha da vacib edir. Onun sözlərinə görə, bu səbəbdən iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın hökumət başçıları dəvət olunub.