Narkotik bitki yetişdirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Xəbərlər

30.08.2021 - 17:44

Saxlanılan şəxslərin evlərinə baxış keçirilib

 

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında şübhəli bilinən, rayonun Xocavənd kənd sakini İlqar Xankişiyev saxlanılıb.

 

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 18 ədəd çətənə bitkisi və 7 kiloqram 635 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində  araşdırmalar davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ənnağı Gülməmmədov saxlanılıb.

 

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az