“Narahat” Ohanyanın üzsüzlüyünə erməni cavabı: “Tam əclaf kimi görünməmək üçün sus!”

Dünya

17.01.2024 - 22:07

“Generallar və nazirin varlandıqları, milyonlarla sərvət topladığı vaxt sıravilərin alt paltarı belə yox idi”

Ermənistanın sabiq müdafiə naziri, hazırda müxalifət fraksiyasında təmsil olunan deputat Seyran Ohanyan erməni ictimaiyyəti tərəfindən sərt tənqidə tuş gəlməkdədir. Nikol Paşinyan hökumətinin ordu ilə bağlı siyasətini tənqid edən Ohanyanın özü tənqid edilir. Erməni analitiklər ordunun rəzil gündə olmasının əsas səbəbini sabiq rəhbərlər Robert Köçəryanın və Serj Sarkisyanda və onların yaxın məmuru olmuş Ohanyanın bacarıqsızlığında görürlər.

Məsələn, siyasi şərhçi Tevos Arşakyan yazdığı məqaləsində bildirir ki, bütün postsovet dövründə Ermənistanın müdafiə nazirləri ilə bağlı bəxti gətirməyib: “Belə görünürdü ki, Birinci Qarabağ müharibəsindən sonrakı illərdə Müdafiə Nazirliyində ən mühüm postları tutacaq şəxslər bacarıqlı komandirlərdən olacaq. Amma hər şey tam tərsinə oldu. Ermənistan Müdafiə Nazirliyinin başına keçənlər kürsüyə yalnız zənginləşmə fürsəti kimi baxdılar. Burada Köçəryana və xüsusən də Sarkisyana yaxınlığına görə nazir kürsüsündə ən uzun müddət oturmuş general-polkovnik Seyran Ohanyan fərqlənir. Ohanyanın dövründə hərbi idarə tamamilə korrupsiya bataqlığında idi və ordu sürətlə parçalanmağa başladı. İndi parlamentin “Ermənistan” fraksiyasının rəhbərinin hazırki hakimiyyətin ünvanına ittiham xarakterli çıxışlar etməsi, özünü “vətən maraqlarının ehtiraslı keşikçisi” kimi göstərmək cəhdləri gülüncdür”.

“Eyni zamanda, Seyran Muşeqoviç hələ də Ermənistanın gələcəyi ilə bağlı qorxulu hekayələr səsləndirməyi bacarır. Onun dediyinə görə, ölkənin gələcəyi qeyri-müəyyən görünür, amma o və rəhbəri ölkəyə başçılııq etsə, belə olmayacaq. Jurnalistlərlə söhbətində Ohanyan deyib ki, “biz elə bir vəziyyətdəyik ki, hər zaman ölkəmizi müdafiə etməyə hazır olmalıyıq”. Və Muşeqoviç əlavə edir: “Aydındır ki, danışıqlar bitən yerdə düşmənçilik başlayır. Odur ki, biz ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından iki prioritet görməliyik. Birincisi, bu, milli təminatların – ordunun formalaşması, möhkəmlənməsi, sərhədlərimizin vaxtında möhkəmləndirilməsidir. İkincisi, beynəlxalq təminatların formalaşdırılması, yəni ağlabatan danışıqlarla xarici siyasət. Bizim vəziyyətimizdə, xüsusən də strateji tərəfdaşlar və qonşularla münasibətlərin pisləşməsi yolverilməzdir”. Yəni demək istəyir ki, sülh gündəmi yalandır, bu, Ermənistanı aldatmaqdır. Guya ki, Ohanyan "narahatdır". Hətta Paşinyanı “strateji tərəfdaşlarla münasibətlərin korlanmasında” qınadı. Həmişə marionetkası olduğu Rusiyaya yarındı, rus çəkmələrini yalamağı yenə bacardı”, - Arşakyan Ohanyana reaksiyasında yazır.

Analitik hesab edir ki, Köçəryanın, Sarkisyanın, Ohanyanın və daşnakların simasında olan müxalifət öz cinayət əməlləri ilə cəmiyyət arasında nifaq salır: “Cəmiyyətin çətin vəziyyətə düşdüyü bir vaxtda onun konsolidasiyasının qarşısını alır. Onlar müvəqqəti olaraq ağızlarını bağlamaq və hökumətin mövcud vəziyyətdən çıxmaq cəhdinə mane olmamaq əvəzinə, ölkəni daha da bezdirmək üçün hər şeyi edirlər. Müxaliflər hesab edirlər ki, ölkə nə qədər pis olarsa, Paşinyanı devirmək və hakimiyyətə qayıtmaq şansları bir o qədər artır. Bu, sadəlövhlükdür. Anlamadıqları şey odur ki, xalq onları devirmədi ki, sonra hakimiyyətə qaytarsın. Buradan üzümü onlara tuturam: sizin hakimiyyətiniz zamanı dözülməz vəziyyət idi və siz bizim dövlətin başında görmək istədiklərimizin uzun siyahısında sonuncusunuz”.

“Orduya gəlincə. Onun vəziyyəti haqqında Ohanyan yox, başqası danışmalıdır. Axı ordunu məhv edən Ohanyan və onun kimi generallar olub. Müdafiə Nazirliyinin binalarını, torpaq sahələrini güzəştli qiymətlərlə özgəninkiləşdirən, sonradan on dəfə baha qiymətə satan o və generalları deyildi?! Məhz Ohanyan və onun generalları öz xidməti vəzifələrini yerinə yetirmədilər ki, bu da ağır nəticələrə gətirib çıxardı. Xüsusən də 2016-cı ilin aprelində, Azərbaycanın müharibəyə hazırlığı açıq-aydın görünən vaxt Ohanyanın rəhbəri olduğu hərbçilər başqa işlərlə, rüşvətlə məşğul idilər. Məhz Ohanyan və onun generalları qeyri-döyüş şəraitində çoxsaylı hərbi qulluqçuların ölümünə görə məsuliyyət daşıyırlar. Hansı ki, buna görə onlardan heç biri cəzalandırılmayıb. “Dedovşina”, hərbidə oğurluqlar, zabitlərin özbaşınalığı, əsgərlərin vəhşicəsinə öldürülməsi və döyülməsi, irimiqyaslı korrupsiya - bütün bunlar Ohanyan müdafiə naziri olanda vəhşicəsinə çiçək açıb”, - deyə Arşakyan əlavə edib.

Siyasi icmalçı bildirir ki, həmin vaxt heç kim Ohanyanın və generallarının məsuliyyətə cəlb olunmasını tələb etməyə cürət etmirdi: “Çünki Sarkisyan şəxsən Ohanyanın arxasında dayanırdı. Ohanyan yalnız 2016-cı ilin aprel uğursuzluğundan sonra vəzifəsindən getmək məcburiyyətində qaldı. Lakin Sarkisyanın dövründə onlar məsuliyyətə cəlb olunmadılar. Yalnız inqilab baş verəndə yeni hakimiyyət onların bəzilərini cəzalandırmaq qərarı verdi. Məhz o zaman ordumuzdakı gözəgörünməz vəziyyətin üstü açılmağa başladı. Generallar və nazirin varlandıqları, milyonlarla sərvət topladığı vaxt sıravilərin alt paltarı belə yox idi. Ohanyan qıvrılaraq bəyan etdi ki, generalların şəxsi mülkləri, onların bahalı malikanələri və mənzilləri müdafiə büdcəsi ilə heç bir əlaqəsi yoxdur. Bu nə deməkdir, Seyran Muşeqoviç!? Yəni sizin və generallarınızın məsələsində göydən zolaqlı şalvarınızın cibinə pul düşürdü? Milyonlarla dollar qazandınız, mövqelərdəki əsgərlər isə yağışda islanmışdılar, normal ayaqqabıları yox idi, hətta gecə görmə cihazları da yox idi. Bütün bunlara görə ilk növbədə Seyran Ohanyan məsuliyyət daşıyır. İndi birdən ordunun vəziyyəti və ölkənin gələcəyi ilə bağlı “narahat” olur. Məncə, tam bir əclaf kimi görünməmək üçün susmaq daha yaxşı olardı”.

Müəllif: Turan Abdulla